BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisində iclas keçirilmişdir

09.10.2023

Oktyabrın 2-3-də Avstriyanın Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq ofisində İşçi Qrupunun növbəti - 13-cü konfransı keçirilib.
İclasda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovniki Samir Qarayev və Beynəlxalq Əməkdaşlıq İdarəsinin şöbə rəisi, polis mayoru Ceyhun Abbasov iştirak ediblər.

BMT-nin üzv dövlətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən Konfransda insan alveri ilə bağlı korrupsiya cinayətlərinə, uşaqlara qarşı törədilən insan alveri cinayətlərinə, insan alverinə qarşı mübarizə üzrə istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib.
Qeyd olunan məsələlər üzrə bütün iştirakçılar çıxış edərək ölkələrində bu sahədə görülmüş işlər barədə məlumatlar veriblər.

Polis polkovniki S.Qarayev çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikası qanunvericiliyi, bu istiqamətdə görülmüş işlər, “Uşaqların cinsi istismarına və cinsi zorakılığına qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsi, qanunvericiliyimizin qeyd olunan konvensiyaya implementasiya edilməsi üçün 27 dekabr 2022-ci il tarixli Qanunla normativ hüquqi aktlara edilmiş dəyişikliklər, Cinayət Məcəlləsinə bununla bağlı yeni əlavə edilən maddələr, Cinayət-Prosessual Məcəllədə uşaqlarla bağlı cinayət təqibinin xüsusi qaydası, uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı “Əmək Məcəlləsi”, “Ailə Məcəlləsi”, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Daktiloskopik və genom qeydiyyat haqqında”, “Təhsil haqqında” Qanunlar və sair normativ hüquqi aktlara edilmiş dəyişikliklərlə bağlı məlumatlar veriib, insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi qaydalarının təkmilləşdirilməsi ilə bağlı müddəalar iştirakçıların nəzərinə çatdırıb.

Müzakirələrin yekunu olaraq BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə haqqında Konvensiyası”nın icrası məqsədi ilə yuxarıda müzakirə olunan məsələlərlə bağlı tövsiyələr təqdim edilib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48