İNSAN ALVERİ QURBANLARININ MÜDAFİƏ EDİLMƏSİ

 

İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.

Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən cinayət təqibi orqanının müraciətinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərməlidirlər.

İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir.

Məhkəmənin və ya digər cinayət təqibi orqanının qərarı ilə insan alverindən zərər çəkmiş şəxsin şəxsiyyəti haqqında məlumat-sorğu xidmətlərində və informasiya-məlumat fondlarında olan məlumatlara buraxılış dayandırılır.

İnsan alveri qurbanlarının şəxsi və ailə həyatının sirri olan məlumatların yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur. İnsan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumat konfidensial hesab edilir və onun yayılması qadağandır.

İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları və ya onun barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Beynəlxalq daşımaları həyata keçirən hüquqi şəxslər, nəqliyyat təşkilatları, nəqliyyat vasitələrinin sahibləri və ya operatorları sərnişinlərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görməli, habelə sərnişinlərin müvafiq dövlətin ərazisinə giriş (çıxış) üçün sənədlərə malik olmalarını yoxlamalı, belə sənədlər olmadıqda, daşıma xidmətini göstərməkdən imtina etməlidirlər.

İnsan alverindən zərər çəkmiş şəxslər bilavasitə insan alverinin qurbanı vəziyyətində olmasının nəticəsində məcburetmə və ya təhdid altında törətdikləri əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda mülki, inzibati və cinayət məsuliyyətindən azad edilirlər.

İnsan alverinin qurbanı olmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müdafiə və yardım Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər səviyyədə təqdim olunur.

İnsan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir. Cinayət prosesini həyata keçirən orqanın əməkdaşı təhlükəsizliyin təmin edilməsi imkanları və tətbiq edilən müdafiə tədbirləri barədə insan alverindən zərər çəkmiş şəxsi xəbərdar etməlidir.

İnsan alverindən zərər çəkmiş şəxslər barəsində tətbiq olunan təhlükəsizlik tədbirləri insan alveri ilə bağlı cinayətlərə dair ibtidai araşdırma, məhkəmə baxışı, habelə məhkəmənin yekun qərarı çıxarıldıqdan sonrakı dövr də daxil olmaqla, təhlükə tam aradan qalxanadək davam etdirilir.

İnsan alverindən zərər çəkmiş şəxslərin şəxsiyyətinin anonimliyinin təmin edilməsi məqsədilə uydurma adlardan istifadə edilə bilər.

Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirir, onların Azərbaycan Respublikasının ərazisinə qayıtmasına yardım edirlər.

İnsan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlər itdikdə və ya onları insan alverçilərindən geri almaq mümkün olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.

İnsan alveri qurbanlarının müdafiəsi üçün aşağıdakı xüsusi müəssisələr yaradılır:

İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar;

İnsan alveri qurbanlarına yardım mərkəzləri.

Xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Xüsusi müəssisələrdə hər hansı pullu xidmətlərin göstərilməsinə yol verilmir.

Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar (bundan sonra - sığınacaqlar) insan alveri qurbanlarına layiqli yaşayış şəraitinin yaradılması, onların təhlükəsizliyinin təmin edilməsi, orada sığınacaq tapan şəxslərin qida və dərman preparatları ilə təmin edilməsi, onlara təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımın göstərilməsi üçün yaradılır. Sığınacaqlarda insan alveri qurbanlarına telefonla danışmaq və tərcüməçinin xidmətlərindən istifadə etmək imkanı yaradılır. Konfidensial söhbət aparılması üçün xüsusi yerlər ayrılır.

Sığınacaqlarda insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir.

Sığınacaq davranışından, cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək və insan alverçilərinə qarşı ifadə vermək istəyindən asılı olmayaraq insan alverinin qurbanına onun xahişi ilə 30 gün müddətinə təqdim edilir.

Sığınacaq verilmə müddəti xüsusi polis qurumunun və ya insan alveri qurbanının vəsatəti ilə uzadıla bilər. Bütün hallarda sığınacağa yerləşdirmə və sığınacaq verilmə müddətinin uzadılması insan alveri qurbanının razılığı ilə həyata keçirilir.

İnsan alverinin qurbanı olmuş uşaqlara sığınacaq verilməsi və onların orada saxlanılması “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq həyata keçirilir.

İnsan alveri qurbanlarına yardım mərkəzləri (bundan sonra – yardım mərkəzləri) insan alveri qurbanlarına onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar vermək, tibbi, psixoloji və digər zəruri yardımın göstərilməsi, habelə insan alveri qurbanlarının sosial reabilitasiyasına kömək məqsədilə yaradılır.

Yardım mərkəzlərində insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir. İnsan alverinin qurbanı uşaqlar olduqda onlar barədə qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verilir.

Yardım mərkəzlərində davranışından, cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək və insan alverçilərinə qarşı ifadə vermək istəyindən asılı olmayaraq, özünü insan alverinin qurbanı kimi təqdim edən hər hansı şəxsə onun xahişi ilə yardım göstərilir.

Yardım mərkəzlərində şəxsin insan alverinin qurbanı olması ehtimal olunduqda, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq həmin şəxsin sığınacaqda yerləşdirilməsi üçün tədbirlər görülür.

İnsan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilir.

Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanı təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin xidmətlərindən istifadə edə bilər.

Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanına Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

Şəxsin insan alverinin qurbanı olmadığı müəyyənləşdirildikdə, bərpa və fikirləşmə müddəti verilmir, bu müddət başlandıqda isə dayandırılır.

İnsan alveri qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur.

İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir.

İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən insan alveri qurbanlarının, xüsusilə uşaqların yaşı, cinsi və tələbatları, o cümlədən zəruri sığınacaq, təhsil və qayğıya olan ehtiyacları nəzərə alınır.

İnsan alveri qurbanlarının sosial reabilitasiyası Azərbaycan Respublikasının dövlət büdcəsi və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.

İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 İnsan alverinin qurbanı olmuş uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalı, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün bütün tədbirlər görülməlidir.

Sığınacaqlar və yardım mərkəzləri insan alverinin qurbanı olmuş uşaq barədə qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verirlər.

Qəyyumluq və himayə orqanı və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya uşağın hüquq və mənafelərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunması üçün tədbirlər görür.

Şəxs sığınacağa qəbul edilərkən onun yaşını dəqiq müəyyən etmək mümkün olmadıqda, lakin həmin şəxsin 18 yaşına çatmadığı ehtimal edildikdə, o, uşaq hesab edilir. Uşaqların sığınacaqda qalma müddəti 60 gündür. Sığınacaq verilmə müddəti xüsusi polis qurumunun, qəyyumluq və himayə orqanının və ya Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti ilə uzadıla bilər. Uşaqlar sığınacağa yerləşdirilərkən və burada saxlama müddəti uzadılarkən 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.

Sığınacaqlarda uşaqlar bir qayda olaraq, ayrıca yerləşdirilirlər. Uşağın mənafeyi nəzərə alınaraq, o, valideynləri (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) və ya uşağın psixoloji durumuna müsbət təsir göstərən digər şəxslərlə də yerləşdirilə bilər.

Sığınacaqlara yerləşdirilmiş uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanı yaradılır.

İnsan alverinin qurbanı olmuş uşaq valideynlərinin yerini bilmədikdə və ya valideyn himayəsindən məhrum olduqda, insan alverinə qarşı mübarizə aparan dövlət orqanları onun valideynlərinin axtarılması, yaxud barəsində qəyyumluq və ya himayənin müəyyən edilməsi üçün tədbirlər görür.

Belə uşaqların sosial müdafiəsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir.

İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası xüsusi tərtib edilmiş proqramlar əsasında bu “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 15.4-cü və 16.1-ci maddələri, habelə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla həyata keçirilir.

  Azərbaycan Respublikası Prezidentinin 24.07.2014-cü il tarixli, 667 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “İnsan alverinə qarşı mübarizə üzrə 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda insan alveri qurbanlarının müdafiəsi aşağıdakı tədbirlər sistemi çərçivəsində öz əksini tapmışdır:

İnsan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” və “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir və tətbiq olunan təhlükəsizlik tədbirləri təhlükə tam aradan qalxanadək davam etdirilir.

Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq, insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirməyə davam edəcəklər.

İnsan alveri qurbanlarının sosial reabilitasiyası, cəmiyyətə reinteqrasiyası onların normal həyat tərzinə qaytarılması məqsədi ilə həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardım göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün müvafiq tədbirlər görülməsi, həmin şəxslərin işlə və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə olunmasını nəzərdə tutur.

İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən, onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına və yaxud iradələrinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir, qurbanların, xüsusilə uşaqların yaşı, cinsi və tələbatı, o cümlədən sığınacağa, təhsilə və qayğıya olan ehtiyacları nəzərə alınır.

Cinayət təqibi orqanının müraciətinə əsasən, dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərilməsi işini davam etdirəcəklər.

İnsan alveri qurbanları üçün regionlarda yeni sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması və onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, insan alveri probleminin yerlərdə sosial-psixoloji aspektlərinin öyrənilməsi, bu vəziyyəti yaradan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə müvafiq tədbirlərin görülməsi, insan alveri qurbanlarına və potensial qurbanlarına ayrılmış stasionar və ya ambulator tipli müəssisələrdə tibbi yardım göstərilməsinin davam etdirilməsi, zərurət yarandıqda, bu müəssisələrə ixtisaslı mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.

İnsan alveri qurbanları üçün xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara və potensial qurbanlara tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılması və onlara müvafiq təlimlərin keçilməsi, insan alveri qurbanlarının, həmçinin potensial qurbanlarının əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlli istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.

İnsan alverinin qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına qeyri-hökumət təşkilatlarının cəlb olunması işi davam etdiriləcəkdir. 

İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalı, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün müvafiq tədbirlər görülməlidir. Bu normativ hüquqi aktlarla yanaşı, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında qanunvericiliyin müddəaları rəhbər tutulmaqla, insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası xüsusi tərtib edilmiş proqramlar əsasında həyata keçiriləcək.

Qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar insan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqların hüquq və mənafelərinin qanunvericiliyə uyğun olaraq qorunmasında, onların sosial reabilitasiyasının həyata keçirilməsində yaxından iştirak edərək müvafiq tədbirlər görəcəklər.

Dövlətin himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, sosial-məsləhət yardımı göstərilməsi, insan alverinin qurbanı olmuş uşaqların təhsillərini davam etdirmək imkanlarının təmin edilməsi, müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsilinin həmin yerlərdə təşkil edilməsi, insan alverinin qurbanı olmuş uşaqların ümumtəhsil məktəblərində təhsil aldıqları müddətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması üçün tədbirlər görülməsi, uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlərin görülməsi nəzərdə tutulur.

Övladlığa, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqi aparılacaq və bu məqsədlə yerlərdə monitorinq qrupları yaradılacaq, şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların müvafiq sənədlərlə təmin edilməsinə kömək göstəriləcək, uşaqlarla işləyən sosial iş institutunun formalaşması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.

İnsan alveri qurbanlarının müdafiəsi Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər planında aşağıdakı kimi nəzərdə tutulmuşdur: 

Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı

TƏDBİRLƏR PLANI:

 

Sıra

№si

Tədbirin adı

İcraçı orqanlar

İcra müddəti

(illər üzrə)

13.4. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası

13.4.1.

İnsan alveri qurbanları üçün regionlarda sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması və onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2014-2017

13.4.2.

İnsan alveri probleminin regionlarda sosial-psixoloji aspektlərinin öyrənilməsi, bu halı yaradan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlərin görülməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

2014-2016

13.4.3.

İnsan alveri qurbanlarına və potensial qurbanlarına ayrılmış stasionar və ambulator tipli müəssisələrdə tibbi yardım göstərilməsinin davam etdirilməsi, zərurət yarandığı hallarda bu müəssisələrə müxtəlif ixtisaslı mütəxəssislərin cəlb edilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

13.4.4.

İnsan alveri qurbanları üçün xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara, potensial qurbanlara tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılması və onlara müvafiq təlimlərin keçilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi

2014-2017

13.4.5.

İnsan alveri qurbanlarının, həmçinin potensial qurbanların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlli istiqamətində tədbirlər görülməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

13.4.6.

İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının cəlb olunması işinin davam etdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

mütəmadi

13.5. İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi

13.5.1.

İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqların qəyyumluq və himayə orqanları və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən hüquq və mənafelərinin qanunvericiliyə uyğun olaraq qorunması, onların sosial reabilitasiyasının həyata keçirilməsi

Qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

mütəmadi

13.5.2.

İnsan alverinin qurbanı olan uşaqların təhsillərini davam etdirmək imkanlarının təmin edilməsi, onların müvəqqəti yaşadığı yer üzrə ümumi orta təhsil müəssisəsinə qəbul edilməsi üzrə tədbirlərin gücləndirilməsi

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

13.5.3.

Dövlətin himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, sosial-məsləhət yardımı göstərilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

mütəmadi

13.5.4.

Psixoloji-sosial durumundan asılı olaraq, reabilitasiya keçən və ya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsilinin həmin yerlərdə təşkil edilməsi

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

13.5.5.

İnsan alverinin qurbanı olan uşaqların ümumtəhsil məktəblərində təhsil aldıqları müddətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması üçün tədbirlər görülməsi

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

13.5.6.

Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlər görülməsi

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2014-2016

13.5.7.

Övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqinin aparılması və bu məqsədlə yerlərdə monitorinq qruplarının yaradılması

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2014-2016

13.5.8.

Şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların müvafiq sənədlərlə təmin edilməsi üçün tədbirlər həyata keçirilməsi

Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

mütəmadi

13.5.9.

Uşaqlarla işləyən sosial iş institutunun formalaşması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2014-2016

13.6. İnsan alveri qurbanlarının müdafiəsi

13.6.1.

“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” və “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, insan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təhlükə tam aradan qalxanadək təmin edilməsi

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi

mütəmadi

13.6.2.

Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirməsi

Xarici İşlər Nazirliyi

mütəmadi

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48