İNSAN ALVERİNİN CİNAYƏT TƏQİBİ

 

İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.

Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən insan alverində iştirak edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər.

Vəzifəli şəxsin insan alverinə şərait yarada biləcək hərəkət və ya hərəkətsizliyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.

İnsan alveri ilə əlaqəsi olduğu ehtimal edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmır, onlara verilən giriş vizaları ləğv edilir.

İnsan alverindən əldə edilmiş bütün əmlak (daşınmaz əmlak, pul vəsaitləri, qiymətli kağızlar və sair əmlak) qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qərarı ilə müsadirə olunur və xüsusi yaradılmış insan alveri qurbanlarına kömək fonduna keçirilir.

İnsan alveri qurbanlarına kömək fondunda toplanmış vəsaitlər insan alveri qurbanlarına kompensasiyaların ödənilməsinə, onların sosial reabilitasiyasına, tibbi və digər zəruri xərclərinin ödənilməsinə yönəldilir.

İnsan alveri qurbanlarına kömək fondunun vəsaitlərinin idarə edilməsində və xərclənməsində şəffaflıq təmin edilir. İnsan alveri qurbanlarına kömək fondunun fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məhkəmələr insan alverindən zərər çəkmiş şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll edirlər.

İnsan alverindən zərər çəkmiş şəxslərə dəymiş ziyan prosessual qanunvericiliyə uyğun olaraq insan alverçilərinin əmlakı hesabına ödənilir. Bu əmlak kifayət etmədikdə, dəymiş ziyan məhkəmənin qərarına əsasən insan alveri qurbanlarına kömək fondunun vəsaiti hesabına ödənilə bilər.

İnsan alveri ilə bağlı cinayət işlərinə, habelə insan alveri nəticəsində dəyən ziyanın ödənilməsi üzrə işlərə insan alveri qurbanının müraciəti əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmənin qərarı ilə qapalı məhkəmə iclasında baxıla bilər.

İnsan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, insan alverçiləri tərəfindən onlara təsir göstərilməsinin qarşısının alınması məqsədilə, habelə insan alveri qurbanlarının fiziki və psixoloji vəziyyəti nəzərə alınaraq məhkəmə baxışı zamanı insan alveri qurbanlarına texniki vasitələrdən (telekörpü, videoyazı və s.) istifadə etməklə ifadə vermək imkanı yaradıla bilər.

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi şəxs (onun filialı, nümayəndəliyi) insan alveri ilə əlaqəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmənin qərarı əsasında ləğv edilə bilər.

İnsan alveri ilə əlaqəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş hüquqi şəxs ləğv edilərkən ona mənsub olan vəsait insan alveri qurbanlarına kömək fondunun hesabına keçirilir.

İnsan alveri ilə bağlı cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

İnsan alveri ilə bağlı cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

İnsan alverçiləri və insan alveri ilə bağlı əməllərin törədilməsində iştirak edən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cəzanın icrası üçün xarici dövlətə verilə bilərlər.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində insan alverinin cinayət təqibi aşağıdakı kimi əks olunmuşdur:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarış:

144-1. İnsan alveri 

144-1.1. İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi -

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-1.2. Eyni əməllər:

144-1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə;

144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

144-1.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

144-1.2.4-1. insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə; 

144-1.2.5. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

144-1.2.6. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

144-1.2.7. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə;

144-1.2.8. zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;

144-1.2.9. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə -

səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-1.3. Bu məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda-

əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

  1. Bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.
  2. İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.
  3. Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu Məcəllənin 144-1.1-ci maddəsində göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir.

Maddə 144-2. Məcburi əmək 

144-2.1. hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə - 

dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

144-2.2. Eyni əməllər:

144-2.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə;

14-2.2.2. təkrar törədildikdə;

144-2.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

144-2.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

144-2.2.5. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

144-2.2.6. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə -

yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

144-2.3. Bu məcəllənin 144-2.1 və 144-2.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda-

doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə etmə ilə cəzalandırılır. 

Maddə 144-3. İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər 

144-3.1. İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması -

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.2. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmə -

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.3. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə -

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.4. İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə -

iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2014-cü il tarixli, 667 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “İnsan alverinə qarşı mübarizə üzrə 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda insan alverinin cinayət təqibi aşağıdakı tədbirlər sistemi çərçivəsində öz əksini tapmışdır:

İnsan alveri cinayətlərinin təqibi həmin cinayətlərin müəyyən edilməsi, insan alverçisinin ifşa olunması, ona ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiəsi, insan alverçisinə cəza təyin edilməsi, zəruri olduqda isə prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsindən ibarətdir.

İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin (bundan sonra - Baş İdarə) fəaliyyətini gücləndirmək və əməkdaşlarının peşəkarlıq səviyyəsini yüksəltmək üçün tədbirlər həyata keçiriləcəkdir.

İnsan alverinə qarşı mübarizə üzrə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəхslərin müdafiəsi işini təkmilləşdirmək və istintaq üçün faydalı olan informasiyanın verilməsini stimullaşdırmaq üçün tədbirlər görülməsi nəzərdə tutulur.

İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini həyata keçirən orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, insan alverinə qarşı mübarizə sahəsində yaranan problemlərin birgə öyrənilməsi təşkil ediləcək, əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi üzrə beynəlxalq əməkdaşlıq genişləndiriləcəkdir.

Transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrinin müəyyən edilməsi, habelə insan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması, onun aşkar edilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi nəzərdə tutulur.

Respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi üçün müvafiq tədbirlər görüləcək, miqrantları məcburi əməyə cəlb edən insan alverçilərinə (fiziki və ya hüquqi şəxslərə) qarşı mübarizə gücləndiriləcək, insan alveri ilə bağlı istismar əlaməti müəyyən edilən hər bir əməlin cinayət təqibi aparılacaq, insan alveri cinayəti yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın (insan alverinin törədilməsi nəticəsində birbaşa və ya dolayısı ilə əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlər) leqallaşdırılmasına qarşı mübarizə tədbirləri gücləndiriləcəkdir.

İnsan alverinin cinayət təqibi Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər planında aşağıdakı kimi nəzərdə tutulmuşdur:

 

Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı

TƏDBİRLƏR PLANI:

 

13.3. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibi

Sıra

№-si

Tədbirin adı

İcraçı orqanlar

İcra müddəti

(illər üzrə)

13.3.1.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlərin davam etdirilməsi, onun kadr potensialının, maddi və texniki bazasının beynəlxalq tələblərə uyğun gücləndirilməsi

Milli Koordinator, Daxili İşlər Nazirliyi

2014-2016

13.3.2.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və onların fəaliyyətində korrupsiya hüquqpozmalarının qarşısının alınması üzrə tədbirlərin gücləndirilməsi

Daxili İşlər Nazirliyi

mütəmadi

13.3.3.

İnsan alverinə qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəхslərin müdafiəsi işinin təkmilləşdirilməsi, istintaq üçün faydalı olan informasiyanın verilməsini stimullaşdırma tədbirlərinin davam etdirilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti

mütəmadi

13.3.4.

İnsan alveri cinayəti ilə mübarizə aparan orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi və insan alverinə qarşı mübarizə sahəsində yaranan problemlərin birgə öyrənilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti

mütəmadi

13.3.5.

Transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrinin müəyyən edilməsi, habelə insan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması, onun aşkar edilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi

mütəmadi

13.3.6.

Respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq səylərin gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

mütəmadi

13.3.7.

Miqrantları məcburi əməyə cəlb edən insan alverçilərinə (fiziki və ya hüquqi şəxslərə) qarşı mübarizə fəaliyyətinin gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

13.3.8.

İnsan alveri cinayəti ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi

mütəmadi

13.3.9.

İnsan alveri cinayəti yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi

Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi

mütəmadi

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48