GUAM-ın Cinayətkarlıqla Mübarizə Üzrə İşçi Qrupunun iclası keçirilib

14.09.2023

Sentyabrın 12-də Demokratiya və İqtisadiyyat Uğrunda Təşkilat – GUAM-ın Cinayətkarlığa Qarşı Mübarizə Üzrə İşçi Qrupunun 24-cü iclası keçirilib.

Videokonfrans formasında keçirilmiş tədbirdə DİN-in aidiyyatı qurumlarının təmsilçiləri iştirak ediblər.

İclasın gündəliyinə uyğun olaraq hərbi və fövqəladə vəziyyətlərin cinayətkarlığa qarşı mübarizəyə təsirinin təhlili, 2021-2022-ci illər ərzində ayrı-ayrı növ cinayətlər üzrə cinayət qanunvericiliyinin inkişafı müzakirə edilib, müzakirələrdə çıxış edən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev Azərbaycan Respublikasının milli qanunvericiliyinin tərəfimizdən ratifikasiya edilmiş “Uşaqların cinsi zorakılıq və cinsi istismarına qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasına implementasiya edilməsi məqsədi ilə 27 dekabr 2022-ci il tarixli Qanunla Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsinə, eyni zamanda Ailə Məcəlləsi, Əmək Məcəlləsi, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Sosial xidmətlər haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyat haqqında”, “Ümumi təhsil haqqında” qanunlara edilmiş dəyişikliklər barədə məlumat verib.

Daha sonra cinayətkarlığa qarşı mübarizə üzrə işçi qrupunun tərkibində olan kiçik işçi qrupların ayrı-ayrı cinayətlərə qarşı mübarizə istiqamətində fəaliyyətinin planlaşdırılması müzakirə olunub.
Tədbir səmimi və işgüzar şəraitdə keçirilib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48