DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisinin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Avropa İttifaqının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliklərinin təşkil etdikləri insan alverinə qarşı mübarizə gününə həsr olunan tədbirdə iştirak etmişdir.

18.10.2017

2017-ci ilin oktyabr ayının 18-də Bakı şəhərində Avropa İttifaqının (Aİ) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəlikləri tərəfindən Aİ-nin insan alverinə qarşı mübarizə gününə həsr olunan tədbir keçirilmişdir. Tədbirdə həmçinin DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki cənab Heydər Heydərovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti iştirak etmişdir.

BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması" layihəsi çərçivəsində təşkil edilmiş tədbirin əsas məqsədi insan alveri və onun mənfi nəticələrinin ictimaiyyətin diqqətinə çatdırma, Avropa İttifaqının insan alverinin aradan qaldırılmasına yönəlmiş strategiyası, cəmiyyətin həssas qruplarının və miqrantların fundamental hüquqları haqqında məlumatlılığın artırılmasından ibarət olmuşdur.

Açılış nitqi ilə çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Serhan Aktoprak insan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə görülən işləri və qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirmiş, bu istiqamətdə fəaliyyəti təkmilləşdirmə perspektivini xüsusilə vurğulamışlar.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi ötən illər ərzində görülmüş işlər və Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq fəaliyyətə verdiyi töhfə barədə çıxış edərək beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48