21.05.2024-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun 2023-cü il ərzində insan alverinə qarşı mübarizə fəaliyyətinə dair illik məlumatı dinlənilmişdir.

23.05.2024

Hazırkı məlumat “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Ombudsman Aparatının, beynəlxalq təsisatların, 32 mərkəzi və 68 yerli icra hakimiyyəti orqanının, eləcə də Daxili İşlər Nazirliyinin struktur qurumlarının müvafiq sahə üzrə Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin yerinə yetirilməsinin və apardıqları monitorinqlərin nəticələri, təhlilləri, tövsiyələri nəzərə alınmaqla hazırlanmışdır.
İnsan alveri sahəsində kriminogen durum 2023-cü ildə də nəzarətdə saxlanılmış, bu cinayətin beynəlxalq təhlükəsizliyə ciddi təhdid olaraq qalması, dünyаnın əksər ölkələrində bаş vеrən silаhlı münаqişələrin cоğrаfiyаsının genişlənməsi, ucuz işçi qüvvəsinə оlаn tələbаtın аrtmаsı və s. amillər nəzərə alınaraq profilaktik iş, cinayət təqibi, qurbanların müdafiəsi, əməkdaşlıq və tərəfdaşlıq istiqamətləri üzrə fəaliyyət məqsədyönlü surətdə davam etdirilmişdir.
Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin yanvar ayında açıqladığı 141 ölkəni əhatə edən son Qlobal Hesabatdan görünür ki, istismarın yeni formaları ortaya çıxdıqca qurbanların daha böyük hissəsini kişilər təşkil etmiş, onların sayı əvvəlki illərlə müqayisədə təxminən üç faiz artmış, habelə fiziki zorakılıqdan qadın qurbanlar kişilərə nisbətən üç dəfə, uşaqlar isə böyüklərlə müqayisədə iki dəfə çox zərər çəkmişlər.
Eyni zamanda, beynəlxalq təşkilatların məlumatlarına əsasən 2020-ci ildə qadın qurbanların yalnız 42 faizi və kişi qurbanların 23 faizi aşkar edilmiş, onların 0.7 faizi dilənçiliyə, 0.9 faizi məcburi nikaha, 10.2 faizi cinayətkar fəaliyyətə cəlb olunmuş, 38 faizi cinsi istismara, 39 faizi məcburi əməyə və 10.3 faizi istismarın digər formalarına məruz qalmışdır.
Dünyanı narahat edən iqlim dəyişikliyi kimi qlobal problem də insan alveri risklərini iki dəfə artıraraq həssas əhali təbəqəsinə aid qadın və uşaqlar üçün təhlükə mənbəyi olmuşdur.
2021-ci ildə 23,7 milyon insan təbii fəlakətlər səbəbindən məcburi köçkünə çevrilmiş, bir çoxları iqlim dəyişikliyinin doğurduğu ərzaq çatışmazlığından və yoxsulluqdan xilas olmaq üçün yaşadıqları ölkələri tərk etmiş, nəticə etibarı ilə bu amillər tənzimlənməyən miqrasiya axınının artmasını şərtləndirmişdir.
Qeyd edilən proseslərin davamlı olaraq izlənildiyi, təhlil edildiyi Azərbaycan Respublikasında insan alveri risklərinin qarşısının vaxtında alınması məqsədilə hesabat ilində şəxsiyyətin və cəmiyyətin qanuni mənafelərinin bu hüquqazidd əməllərdən qorunması Milli Fəaliyyət Planı çərçivəsində ardıcıllıqla icra edilmişdir.
İnsan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi işi diqqətdə saxlanılaraq 2023-cü ildə aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə Azərbaycan Respublikası Prezidentinin bir Sərəncamına və Nazirlər Kabinetinin bir Qərarına edilmiş dəyişikliklərlə:
- “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın icraçı qurumlarının siyahısı dəqiqləşdirilmiş, bəzi yarımbəndlərdə normativ hüquqi aktlara uyğunlaşdırmalar aparılmış;
- “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”na əsasən İnsan alveri qurbanları üçün Yardım Mərkəzinin yaradılması, xüsusi müəssisədə insan alveri qurbanlarının dərman preparatları ilə təmin edilməsi, təxirəsalınmaz tibbi və psixoloji yardımın göstərilməsi Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin funksiyalarına aid edilmiş;
- Nazirlər Kabinetinin 2023-cü il 16 may tarixli 158 nömrəli Qərarı ilə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” təsdiqlənmişdir.
Ölkəmiz tərəfindən Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası imzalanmış, “İnsan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlara xidmət edən “Qaynar xətt” haqqında” və “İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaq haqqında” nizamnamələr təkmilləşdirilmişdir.
Ötən il, həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının tətbiqi ilə bağlı Əmək, Ailə, Cinayət-Prosessual və Cinayət məcəllələrinə, “Uşaq hüquqları”, “Vəkillər və vəkillik fəaliyyəti”, “Təhsil”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və s. qanunlarda dəyişikliklər edilmişdir.
Belə ki, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə törədilən bəzi cinayətlərin (zorlama, seksual xarakterli zorakılıq hərəkətləri) yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi ağırlaşdırıcı hal kimi müəyyən edilmiş, uşaqların cinsi istismarı ilə bağlı bir sıra cinayətlərə görə cəzalar sərtləşdirilmişdir.
Yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə də cinayət tərkibinin əlaməti kimi müəyyənləşdirilmiş (maddə 171), qanunvericiliyə seksual xarakterli məqsədlərlə uşaqların təqib edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan müddəalar əlavə edilmişdir (maddə 171-2).
Bununla yanaşı, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil edilmişlər.
Valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası üzrə qaydaları müəyyən edən fərman, eləcə də Nazirlər Kabineti tərəfindən fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə əlçatanlığının təmin edilməsi sahəsində aidiyyəti dövlət orqanlarının vəzifələrini müəyyənləşdirən qərar qəbul olunmuşdur.
İnsan alverinin qarşısının alınması barədə metodik vəsaitlərin və maarifləndirici materialların hazırlanması və yayımlanması, həmin cinayətlərin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə dözümsüzlük mühitinin yaradılması, bu işə vətəndaş cəmiyyəti institutlarının və media subyektlərinin cəlb edilməsi fəaliyyəti diqqət mərkəzində olmuşdur.
Belə ki, xarici ölkələrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün gedən vətəndaşların, eləcə də ölkə ərazisindən tranzit istifadə edən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış 14.000 maarifləndirici buklet və flayer aidiyyəti dövlət orqanlarına göndərilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3.000 nüsxədə hazırlanmış “İnsan alverinin qurbanı olma” bukleti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “İnsan alveri-Uşaq alveri ilə mübarizə” mövzusunda 1.000 ədəd məlumat kitabçası vətəndaşlara və maarifləndirmə tədbirlərinin iştirakçılarına paylanılmış, eləcə də sosial şəbəkələrdə məlumatlandırıcı videoçarxlar nümayiş etdirilmişdir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “İnsan alveri problemi və onun profilaktikası” məzmununda metodik vəsait hazırlanmış, yeni yaradılmış “Sağlam uşaq” internet portalında 583 məqalə, 331 maarifləndirici çap materialı və video yerləşdirilmişdir.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı tərəfindən “Ombudsmanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi” adlı maarifləndirici vəsait və jest dilinə tərcümə edilmiş “Uşaq Hüquqları Konvensiyası” elektron kitabı da hazırlanıb ictimaiyyətə təqdim edilmiş, uşaqlarla keçirilən görüşlərdə isə insan alverinin mahiyyəti, növləri, doğurduğu təhlükələr, insan alveri cinayətlərinin profilaktikası, uşaq əməyinin istismarı və onun fəsadları barədə məlumatlar verilmişdir.
İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı mediada müvafiq informasiyalar paylaşılmış, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən bu mövzuda televiziya kanallarına 25 müsahibə verilmişdir.
Audiovizual Şura tərəfindən müxtəlif telekanallarda insan alverinə qarşı mübarizəyə dair müzakirələr aparılmış, insan alverinin fəsadları barədə geniş məlumatlar yayımlanmışdır.
Sözügedən cinayətlərə qarşı mübarizəyə dair Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsinə (www.insanalveri.gоv.аz) 48 məlumаt yеrləşdirilmiş, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı Elm və Təhsil Nаzirliyi ilə birgə şəhər və rayonlarda fəаliyyət göstərən 41 orta-ixtisas təhsil müəssisəsində mааrifləndirici sеminаrlаr kеçirilərək həmin tədbirlərə respublikanın 29 rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları, gənclər, media nümayəndələri, icra hakimiyyətlərinin və vətəndaş cəmiyyətinin nümayəndələri, tibb işçiləri, yerli sahibkarlar, nəqliyyat, təhsil, sosial-müdafiə və məşğulluq mərkəzlərinin işçiləri, qеyri-hökumət təşkilаtlаrı cəlb еdilmişdir.
Elm və Təhsil Nazirliyi tərəfindən məktəblərdə görüşlər, açıq dərslər, dəyirmi masalar təşkil edilmiş, test-sorğu keçirilərək risk qrupuna aid şagirdlər aşkarlanmış, onlara lazımi psixoloji dəstək göstərilmiş, erkən nikah haqqında maarifləndirici işlər aparılmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sənaye və Texnologiya kollecində və Azərbaycan Rəssamlıq Akademiyasının İncəsənət Kollecində “İnsan alveri və məcburi əməyə YOX deyək!” və məşğulluğun təmini mövzularında maarifləndirici görüş təşkil edilmiş, sosial videoçarxlar nümayiş olunmuş, iştirakçılara metodiki vəsaitlər paylanmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı, Sumqayıt, Gəncə, Tovuz, Balakən, Ağcabədi, Kürdəmir, Naxçıvan, Salyan, Sabirabad regional “ASAN” və “DOST” xidmət mərkəzlərində maarifləndirici görüşlər və tədbirlər keçirmişdir.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan regionları üzrə ümumilikdə 100-dən çox maarifləndirmə tədbiri keçirilmişdir.
Aidiyyəti dövlət qurumları əməkdaşlarının peşəkarlıq səviyyəsini artırmaq məqsədilə mövzular da tədris edilmiş, habelə təlimlər keçirilmişdir. Bu baxımdan, 38 şəhər, rayon polis orqanının rəhbər vəzifəli şəxsləri, eləcə də respublikanın 67 şəhər, rayon polis orqanının 249 əməkdaşı “İnsan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası” mövzusunda iхtisаsаrtırmа kurslarına cəlb edilmiş, 78-dən çox polis orqanının 1.650 əməkdaşının iştirakı ilə təşkil edilmiş virtual təlimdə “İnsan alveri və məcburi əmək cinayətləri – transmilli mütəşəkkil cinayətkarlığın növü kimi”, “İnsan alveri cinayəti ilə ictimai mənəviyyat əleyhinə olan cinayətlərin fərqləndirilməsi” və “İnsan alveri və məcburi əmək cinayətlərinin qarşısının alınması və profilaktikası” mövzuları tədris olunmuşdur.
Ölkəmizin diplomatik nümayəndəliklərində konsulluq fəaliyyətini həyata keçirən şəxslər də insan alverinin müxtəlif aspektləri, uşaqların istismarı, zorakılığa məruz qalması və qurbanların məcburi əməyə cəlb edilməsi hallarına dair təlim proqramlarında mütəmadi iştirak etmiş, həmçinin müvafiq nəşrlərlə təmin olunmuşlar.
Elm və Təhsil Nazirliyi, Dövlət Turizm Agentliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 206 məktəb psixoloqu, 30 turoperator, 20 hotelin və turizm agentliyinin nümayəndələri və miqrasiya orqanlarının əməkdaşları üçün “İnsan alverinin qurbanları”, “İnsan alveri və qaçaqmalçılıq üzrə protokollar”, “İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycanın beynəlxalq öhdəlikləri”, “İnsan alveri və məcburi əməyə qarşı mübarizə”, “İnsan alverinə qarşı mübarizə, insan alveri qurbanlarının müəyyənləşdirilməsi indikatorları” mövzularında təlimlər keçirilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz əməkdaşları üçün “Uşaq əməyinin qarşısının alınması”, “İnsan alverinin uşaq qurbanlarının aşkarlanması”, Dövlət Sərhəd Xidməti tərəfindən bu qurumun hərbi qulluqçuları üçün “İnsan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi”, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” mərkəzlərinin 50-dən artıq könüllüsünə insan alveri problemlərinin mahiyyəti, formaları, qurbanları müəyyən etmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər mövzularında təlimlər keçirilmişdir.
Bu qəbildən tədbirlər, həm də din xadimləri, xaricdəki diaspora nümayəndələri, elektron təhlükəsizlik xidməti əməkdaşları üçün təşkil olunmuşdur. Xüsusi polis qurumunun əməkdaşları isə qeyd olunan təlimlərdə və maarifləndirmə tədbirlərində mühazirəçi qismində iştirak etmişlər.
Ədliyyə Akademiyasında 75 hakimə “İnsan alveri və əlaqədar cinayət işlərinə məhkəmə qaydasında baxılması”, 71 vəkilə “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” mövzularında təlimlər keçirilmişdir.
Ədliyyə, məhkəmə, prokurorluq orqanlarında qulluğa və Vəkillər Kollegiyası üzvlüyünə 400-dən çox namizədin iştirak etdiyi tədris kurslarında “İnsan alveri ilə mübarizədə beynəlxalq qanunvericilik (Avropa qanunvericiliyi)”, “İnsan alverinə qarşı mübarizə”, “İnsan alveri cinayətlərinin ictimai təhlükəliliyi, məişət zorakılığı və onunla mübarizə”, “İnsan alveri və əlaqədar cinayət işlərinə məhkəmə qaydasında baxılmasının xüsusiyyətləri”, “Uşaqların cinsi istismarı kibercinayətinə qarşı mübarizə” mövzuları tədris edilmişdir.
Milli Fəaliyyət Planının icrası çərçivəsində tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında erkən nikahların aşkarlanması tədbirləri də nəzarətdə saxlanılmış, həyata keçirilmiş tədbirlərlə hesabat ilində 293 erkən evliliyin qarşısı alınmışdır.
Hesabat ilində “Mobil notariat” tətbiqinin altsistemi kimi istifadəyə verilmiş “Mobil əhali” tətbiqi üzərindən həm ölkə daxilində, həm də xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına doğumun və ölümün elektron qeydiyyatı, ailə vəziyyəti və ailə üzvləri haqqında arayışların onlayn əldə edilməsi imkanı yaradılmışdır.
Eyni zamanda, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Bakı “DOST” və “ASAN xidmət” mərkəzlərində istifadəyə verilmiş “Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng” xidməti vasitəsilə vətəndaşlara hər hansı qeydiyyat şöbəsinə getmədən doğumu qeydə almaq xidmətindən istifadə etmək imkanı yaradılmışdır.
2023-cü ildə doğumun dövlət qeydiyyatının səyyar qaydada səhiyyə müəssisələrində aparılmasını həyata keçirən qeydiyyat şöbələrinin sayı da artırılaraq ümumilikdə 4.746, o cümlədən əvvəlki illərdə doğumu rəsmiləşdirilməmiş 427 uşağın qeydiyyatı təmin edilmişdir.
Dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması məqsədilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, məşğulluqlarının təmin edilməsi ilə bağlı yardımlar da davam etdirilmişdir. Dövlət Məşğulluq Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud olan 290 uşaq üçün “Gələcəyə birlikdə” layihəsi çərçivəsində “Karyera planlaması, ixtisas seçiminin düzgün formada edilməsi yolları” mövzusunda seminarlar və fərdi konsultasiyalar keçirilmiş, uşaq müəssisələrinin məzunu olan 6 nəfər peşə hazırlığına, daha 2 nəfər özünüməşğulluq proqramına cəlb olunmuşdur.
Elm və Təhsil Nazirliyi dövlət uşaq müəssisələrinin məzunu olan 10 gəncin mənzillə təmin olunması üçün aidiyyəti üzrə vəsatət qaldırmış (hazırda müvafiq məsələyə baxılır), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı 1.145, əcnəbilər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı 23, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müxtəlif ailələrdə qəyyumluğa və himayəyə verilmiş uşaqlarla bağlı 56, təhsildən yayınma halları üzrə 68 monitorinq aparmışdır.
Polis orqanları tərəfindən baxımsız, eləcə də müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 132 uşağa və onların valideynlərinə “Uşaq hüquqları klinikası”nda, “Uşaq və gənclərin sosial reabilitasiyası mərkəzi”ndə hüquqi, psixoloji və digər yardımlar göstərilmişdir.
İnsan alverinə qarşı mübarizə üzrə Qeyri-hökumət təşkilatları Koalisiyası ilə imzalanmış Anlaşma Memorandumunun icrasında xüsusilə fəqlənən 18 QHT nümayəndəsi Daxili İşlər Nazirliyi tərəfindən pul (ümumilikdə 23 min manat) və diplomlarla mükafatlandırılmış, təqdim etdikləri ümumi dəyəri 94 min manatdan çox olan 11 layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilmişdir.
Bununla yanaşı, insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə 120 min manat ayrılmışdır.

İnsan alveri və məcburi əməklə mübarizədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə, məlumat mübadiləsinin operativliyinə, ölkəmizin öncül mövqeyinin qorunmasına ötən il də önəm verilmişdir.
Belə ki, Beynəlxalq Miqrasiya Təşkilatının və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı nümayəndəliklərinin, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin, Belarus və Bolqarıstan respublikalarının daxili işlər orqanlarının, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Tərəflər Komitəsinin, Beynəlxalq Əmək Təşkilatının, Hüquq Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin, BMT-nin “Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Haqqında” Konvensiyasına üzv dövlətlərin İşçi Qrupunun təmsilçiləri ilə görüşlər (fiziki və onlayn) keçirilmiş, həmçinin ABŞ-ın Dövlət, Ədliyyə və Əmək departamentlərinin, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA-nın) və digər beynəlxalq təşkilatların insan alverinə qarşı mübarizəyə dair tövsiyə və sorğuları cavablandırılmışdır.
İnsаn аlvеrinə qarşı mübarizədə mütərəqqi bеynəlхаlq təcrübənin öyrənilməsi məqsədilə xüsusi polis qurumunun əməkdaşları müxtəlif xarici təşkilatlar tərəfindən həyata kеçirilən layihələr çərçivəsində Ankaraya, Vyanaya, Madridə, Liona, Minskə və Almatı şəhərlərinə еzam оlunmuşlar.
Qeyd olunmalıdır ki, ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair və GRETA-nın “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının icrasının 3-cü qiymətləndirmə mərhələsi üzrə hesabatlarında ölkəmizin qanunvericilik, cinayət təqibi, qurbanların müdafiə edilməsi, sığınacağın maliyyələşdirilməsi və əməkdaşlıqla bağlı fəaliyyəti təqdir olunmuşdur.
Beynəlxalq Əmək, Beynəlxalq Miqrasiya və Walk Free təşkilatları tərəfindən hazırlanmış “Məcburi əmək və Məcburi nikah” kimi insan alveri ilə bağlı cinayətlərinin yayılmasının 2022-ci il tarixli qlobal qiymətləndirilməsinə əsasən 2021-ci ildə 27,6 milyon nəfərin məcburi əmək vəziyyətində olması və onlardan 11,8 milyonunu qadın və qızların, 3,3 milyonunu isə uşaqların təşkil etməsi ehtimalı irəli sürülür.
Həmin təşkilatların hesablamalarına görə 2021-ci il üzrə əmək istismarına məruz qalmış 17,3 milyon insandan 1,3 milyonu uşaq olmuşdur. Ümumilikdə kişilərin sayı (11,3 milyon) qadınlardan (6 milyon) iki dəfə çox olmaqla 5,5 milyonu xidmət, 3 milyonu istehsalat, 2,6 milyonu tikinti, 2,1 milyonu kənd təsərrüfatı, 1,4 milyonu ev işi, qalanı digər sahələrdə istismar edilmişdir.
Ölkəmizdə məcburi əmək hallarının qarşısının alınmasının səmərəli təşkili məqsədilə, 6.500-dən çox işəgötürən və onun nümayəndəsinin iştirakı ilə işçilərin əmək hüquqları, o cümlədən məcburi əmək və insan alverinin qarşısının alınması mövzularında Bakı və regionlarda 60 tədbir keçirilərək kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmışdır.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikilməkdə olan 32 çoxmərtəbəli yaşayış binasında yoxlamalar keçirilmiş və 47 şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktı aşkarlanaraq 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat məbləğdə inzibati cərimə tətbiq edilmişdir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalar zamanı 512 (+143) şəxsin əmək müqaviləsi olmadan işləməsi faktı aşkarlanaraq işəgötürənlər ümumilikdə 2.374.400 (+591.900) manat məbləğdə cərimələnmiş, habelə bir fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxs inzibati məsuliyyətə (cərimə) cəlb olunmuşdur.
Daxil olan müraciətlərə baxılması zamanı işəgötürənlər tərəfindən 15 yaşına çatmamış şəxsi işə cəlb etməklə bağlı 2 fakt da müəyyən edilərək təqsirkar şəxslər inzibati qaydada cərimələnmişdir.
Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti həyata keçirməsi üçün 5.441 əcnəbiyə iş icazəsinin verilməsi, 4.773 əcnəbinin müvafiq icazə müddətinin uzadılması məqsədəuyğun hesab edilmişdir.
Görülən tədbirlər, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi tərəfindən işaxtaran və işsiz şəxslərdən 118.398 nəfərin, əmək haqlarının birgə maliyyələşməsi proqramı çərçivəsində 1.198 nəfərin və kvota üzrə 2.751 nəfərin işlə təmin edilməsi, 5.628 şəxsin haqqı ödənilən ictimai işlərə, 17.362 nəfərin özünüməşğulluq proqramına cəlb olunması, 8.370 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilməsi, 9.518 nəfərin peşə hazırlığı kurslarına yönləndirilməsi, 281.539 nəfərə peşə yönümlü məsləhət xidmətinin göstərilməsi vətəndaşların məcburi əməyin qurbanına çevrilmə riskini xeyli azaltmışdır.
Hesabat ilində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 3 məcburi əmək faktı əsasında 2 cinayət işi başlanılmış və aparılmış araşdırmalarla həmin cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismara məruz qalması müəyyən olunmuşdur.
İnsan alveri, məcburi əmək qurbanlarının aşkarlanması üzrə keçirilmiş tədbirlər zamanı 8 miqrasiya kanalı müəyyən olunaraq 154 şəxs saxlanılmış və barələrində inzibati qaydada ölkə ərazisindən çıxarılma tətbiq edilmişdir.
Polis tərəfindən keçirilən reydlər zamanı isə küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 342 azyaşlı müəyyən edilərək onları hüquqazidd əməllərə təhrik edən 345 valideyn haqqında qanunauyğun tədbirlər görülmüş, eyni zamanda icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına uşaqlara müvafiq qayğı və yardım göstərilməsi, sosial problemlərinin həlli məqsədilə 504 material göndərilmişdir.
İnsan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi, istismar hallarına yol verən şəxslər haqqında müvafiq məsuliyyət tədbirlərinin görülməsi işi də davam etdirilərək xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 159 (+2) insan alveri və 3 (sabit) məcburi əmək faktı, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 (sabit) cinayət aşkarlanmışdır.
Həmin faktlar üzrə 16 (+2) cinayət işi başlanılaraq 18 şəxs (+2, 15-i qadın, 3-ü kişi) təqsirləndirilən qismində cəlb edilmişdir. Ümumilikdə 11 (-2) cinayət işinin (3-ü ötən illərin) istintaqı tamamlanıb 14 nəfər (-1, 11-i qadın, 3-ü kişi) məhkəmə məsuliyyətinə verilmiş, insan alverçilərinin 10-u (-2) haqqında ittihamedici hökmlər çıxarılmışdır.
Hesabat ilində 17-i (sabit) insan alveri, 3-ü (+2) fahişəliyə cəlb etmə, 1-i (-2) əxlaqsızlıq yuvaları saxlama cinayətlərinə görə 21 (-2) təqsirləndirilən şəxs yerli axtarışda olmuş, onlardan 9 (sabit) nəfəri, o cümlədən 5 (+2) insan alverçisi saxlanılaraq cinayət təqibi orqanına təqdim olunmuşdur.
Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 12 (+1) nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir. Həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək onların ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanmışdır.
Bununla yanaşı, informasiya texnologiyalarının (WhatsApp, Tik-tok, İnstagram, Telegram sosial şəbəkələrində) tətbiqi ilə törədilmiş 58 (+54) fakt aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 3 (+1) cinayət işi, daha 20 (+15) fakt üzrə 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 2 (-1) cinayət işi başlanılmışdır.
İnsan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 (-3) insan alveri qurbanının (90-ı qadın, 1-i kişi) hamısı Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Onlardan 28-i Türkiyə Respublikasında, 28-i Rusiya Federasiyasında, 15-i Birləşmiş Ərəb Əmirliklərində, 10-u Bəhreyn Krallığında, 4-ü Qətər Dövlətində, 3-ü İran İslam Respublikasında, 1-i İraqda cinsi istismara, daha 2 nəfəri ölkə daxilində əmək istismarına məruz qalmışdır.
Qurbanlardan 6-ı 18-25 yaş arası, 50-i 25-35 yaşlarında, 35 nəfəri 35-dən yuxarı yaş həddində, 24-ü paytaxt, 67-i respublikanın digər şəhər və rayonlarının sakini, habelə 74-ü 2016-2022-ci illərdə, 17-i isə 2023-cü ildə istismara məruz qalan şəxslər olmuşdur.
İnsan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası da diqqətdə saxlanılmışdır. Qurbanlardan 90 (-4) nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilmiş, 68 (-6) nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (HİV, AİDS, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin edilmişlər.
Konkret olaraq, insan alverinin 14 qurbanı pеşə kurslаrınа yönəldilmiş, 10 nəfəri işlə təmin еdilmiş, 2 əcnəbi qurbana Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin verilməsində, 8 qurbana şəxsiyyət vəsiqəsi alınmasında, 1 qurbana cərrahiyyə əməliyyatı keçirməkdə, 3 qurbana tibbi müalicə, 11 qurbana ünvanlı sosial yardım almaqda köməklik edilmişdir.
Daha 34 qurbanın аilələrinə qаyıdışı təmin olunmuş, insan alveri cinayətindən zərərçəkməsi ehtimal edilən bir şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin “Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitiasiya müəssisəsi”nə yerləşdirilmişdir.
Qeyri-hökumət təşkilatlarına istiqamətləndirilmiş 67 insan alveri qurbanından 14-ü “Təmiz Dünya Qadınlara Yardım”, 10-u “Azərbaycan Uşaqları”, 7-i “Təmas Regional İnkişaf” ictimai birliklərinin sığnacaqlarında, 16-ı “Ailə Dünyası Ailələrə Hüquqi Yardım”, 20 nəfəri “XXI Əsrin Qadınları” və “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” ictimai birliklərində lazımi yardımlar almışlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İnsan alveri qurbanlarına Yardım Mərkəzinə istiqamətləndirilmiş 67 qurbandan 49-na psixoloji, 2-nə tibbi yardım göstərilmiş, 3-ü peşə kurslarına cəlb edilməsi və 1-i işlə təmin olunması məqsədilə Dövlət Məşğulluq Agentliyinə yönləndirilmişdir.
Vətəndaş müraciətləri əsasında və QHT-lər tərəfindən istiqamətləndirilmiş 37 potensial qurbandan isə 16-ı hüquqi, 7-i psixoloji, 1-i tibbi yardım almış, 15-i peşə kurslarına cəlb edilməsi üçün Dövlət Məşğulluq Agentliyinə yönləndirilmişdir.
Hesabat dövründə 98 (-2) qurbana və potensial qurbana Daxili İşlər Nazirliyinin İnsаn аlvеri qurbаnlаrınа Kömək Fоndu hesabına 5.300 (-50) manat məbləğdə maddi yаrdım göstərilmişdir.
Müqavilələr əsasında cəlb edilmiş Vəkillər Kоllеgiyаsının üzvləri tərəfindən 47 qurbana məhkəmə baxışında, 58 qurbana istintaq prosesində, ümumilikdə 105 nəfərə hüquqi və psixoloji yardımlar göstərilmişdir.
Qurbаnlаrın uşаqlаrı dа diqqətdə sахlаnılaraq 19 nəfəri tədris ləvаzimаtı ilə təmin olunmuş, 2 uşаq məktəbəqədər təhsil proqramına cəlb edilmiş, 17 nəfəri doğum haqqında şəhadətnamə ilə, daha 11 nəfərinin аlimеnt alması təşkil оlunmuşdur.
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.1-ci maddəsinə (bərpa və fikirləşmə müddəti) əsasən 10 (+2) qurbana öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanı ilə əməkdaşlıq haqda düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilmişdir.
Bununla yanaşı, “152” Qаynаr xəttə dахil оlmuş 9.626 (-197) zəngin hər biri araşdırılmış, eləcə də təşəbbüskarlar hüquqları izah edilməklə aidiyyəti üzrə yönləndirilmişdir.
Azərbaycan Respublikası tərəfindən müxtəlif beynəlxalq sənədlərin ratikifikasiyası, Dövlət Başçısının insan alverinə qarşı mübarizəyə dair 2004, 2009, 2014 və 2020-ci illərdə dörd Milli Fəaliyyət Planı təsdiqləməsi, Dахili İşlər Nаzirliyinin strukturundа хüsusi pоlis qurumunun yaradılması, Milli Koordinator institutunun təsis edilməsi, qurbanlar üçün “Sığınacaq”, “Yаrdım Mərkəzi”, “Kömək Fоndu”, “Qaynar xətt” telefon xidməti, rəsmi internet səhifəsinin istifadəyə verilməsi, özündə 45 qеyri-hökumət təşkilatını birləşdirən İnsan Alvеrinə qarşı Qеyri-Hökumət Təşkilatları Kоalisiyası ilə əməkdaşlığa dair Anlaşma Mеmоrandumunun imzalanması, hökumət tərəfindən insan alveri qurbanlarının müəyyən edilməsi, sosial reabilitasiyası, xüsusi müəssisələrə yerləşdirilməsi, öz ölkələrinə repatriasiyası və Milli İstiqamətləndirmə Mexanizmi qaydalarının təsdiqlənməsi, eləcə də digər zəruri işlərin həyata keçirilməsi insan alverinə qarşı mübarizədə əhəmiyyətli irəliləyişlərin əldə olunmasını şərtləndirmişdir.
Göstərilənlərə əsasən insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə həyata keçirilməsinə başlanıldığı 2004-cü ildən bugündək olan müddətdə əldə edilmiş müsbət nəticələrin davamlılığının təmin edilməsi qarşıda duran əsas məqsədlərdəndir.
Digər tərəfdən, insan alverinə qarşı mübarizədə müstəsna rol oynayan sayca dördüncü Milli Fəaliyyət Planının icra müddəti cari ildə bitdiyindən həmin cinayətlərlə mübаrizənin kоmplеks şəkildə və sistеmli aparılması üçün 2025-2030-cu illəri əhatə edən növbəti konseptual sənəd layihəsi hazırlanmalıdır.
Transmilli mütəşəkkil cinayətkar birləşmələrin müasir informasiya - kommunikasiya texnologiyalarından geniş istifadə etməsi baxımından bu sаhədə əməkdaşların peşə hazırlığının yüksəldilməsi, mütərəqqi beynəlxalq təcrübənin tətbiqi, fəaliyyətin təkmilləşdirilməsi, internet üzərindən törədilən cinayətlərin hərtərəfli və səmərəli araşdırılmasını təmin edən elektron informasiyanın toplanması sahəsində beynəlxalq əməkdaşlığın, xüsusən dövlətlərarası qarşılıqlı hüquqi və texniki yardımın genişləndirilməsi müəyyən olunmuş hədəflərdir.
Hazırda bu istiqamətlərdə fəaliyyət planlı surətdə davam etdirilir.






ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48