İNSAN ALVERİNİN CİNAYƏT TƏQİBİ

 

İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.

Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən insan alverində iştirak edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər.

Vəzifəli şəxsin insan alverinə şərait yarada biləcək hərəkət və ya hərəkətsizliyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.

İnsan alveri ilə əlaqəsi olduğu ehtimal edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmır, onlara verilən giriş vizaları ləğv edilir.

İnsan alverindən əldə edilmiş bütün əmlak (daşınmaz əmlak, pul vəsaitləri, qiymətli kağızlar və sair əmlak) qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qərarı ilə müsadirə olunur və xüsusi yaradılmış insan alveri qurbanlarına kömək fonduna keçirilir.

İnsan alveri qurbanlarına kömək fondunda toplanmış vəsaitlər insan alveri qurbanlarına kompensasiyaların ödənilməsinə, onların sosial reabilitasiyasına, tibbi və digər zəruri xərclərinin ödənilməsinə yönəldilir.

İnsan alveri qurbanlarına kömək fondunun vəsaitlərinin idarə edilməsində və xərclənməsində şəffaflıq təmin edilir. İnsan alveri qurbanlarına kömək fondunun fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məhkəmələr insan alverindən zərər çəkmiş şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll edirlər.

İnsan alverindən zərər çəkmiş şəxslərə dəymiş ziyan prosessual qanunvericiliyə uyğun olaraq insan alverçilərinin əmlakı hesabına ödənilir. Bu əmlak kifayət etmədikdə, dəymiş ziyan məhkəmənin qərarına əsasən insan alveri qurbanlarına kömək fondunun vəsaiti hesabına ödənilə bilər.

İnsan alveri ilə bağlı cinayət işlərinə, habelə insan alveri nəticəsində dəyən ziyanın ödənilməsi üzrə işlərə insan alveri qurbanının müraciəti əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmənin qərarı ilə qapalı məhkəmə iclasında baxıla bilər.

İnsan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, insan alverçiləri tərəfindən onlara təsir göstərilməsinin qarşısının alınması məqsədilə, habelə insan alveri qurbanlarının fiziki və psixoloji vəziyyəti nəzərə alınaraq məhkəmə baxışı zamanı insan alveri qurbanlarına texniki vasitələrdən (telekörpü, videoyazı və s.) istifadə etməklə ifadə vermək imkanı yaradıla bilər.

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi şəxs (onun filialı, nümayəndəliyi) insan alveri ilə əlaqəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmənin qərarı əsasında ləğv edilə bilər.

İnsan alveri ilə əlaqəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş hüquqi şəxs ləğv edilərkən ona mənsub olan vəsait insan alveri qurbanlarına kömək fondunun hesabına keçirilir.

İnsan alveri ilə bağlı cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

İnsan alveri ilə bağlı cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

İnsan alverçiləri və insan alveri ilə bağlı əməllərin törədilməsində iştirak edən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cəzanın icrası üçün xarici dövlətə verilə bilərlər.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində insan alverinin cinayət təqibi aşağıdakı kimi əks olunmuşdur:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarış:

144-1. İnsan alveri 

144-1.1. İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi -

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-1.2. Eyni əməllər:

144-1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə;

144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

144-1.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

144-1.2.4-1. insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə; 

144-1.2.5. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

144-1.2.6. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

144-1.2.7. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə;

144-1.2.8. zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;

144-1.2.9. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə -

səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-1.3. Bu məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda-

əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

  1. Bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.
  2. İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.
  3. Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu Məcəllənin 144-1.1-ci maddəsində göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir.

Maddə 144-2. Məcburi əmək 

144-2.1. hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə - 

dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

144-2.2. Eyni əməllər:

144-2.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə;

14-2.2.2. təkrar törədildikdə;

144-2.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

144-2.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

144-2.2.5. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

144-2.2.6. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə -

yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

144-2.3. Bu məcəllənin 144-2.1 və 144-2.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda-

doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə etmə ilə cəzalandırılır. 

Maddə 144-3. İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər 

144-3.1. İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması -

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.2. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmə -

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.3. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə -

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.4. İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə -

iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda insan alverinin cinayət təqibi aşağıdakı tədbirlər sistemi çərçivəsində öz əksini tapmışdır:

 

 

4.3. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibi

4.3.1.

Xüsusi polis qurumunun fəaliyyətinin təkmilləşdirilməsi, onun kadr potensialının gücləndirilməsi, əməkdaşlarının insan alveri qurbanlarının aşkar edilməsi sahəsində vərdişlərinin inkişaf etdirilməsi məqsədilə xüsusi təlimlərin keçirilməsi, qurumun maddi və texniki bazasının yaxşılaşdırılması, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində vahid məlumat bazasının və məlumatların dairəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması, həmin məlumat bazasının və "Qaynar xətt” telefon xidmətinin təşkilati-texniki imkanlarının müasir tələblərə uyğunlaşdırılması

Daxili İşlər Nazirliyi

2020─2022

4.3.2.

İnsan alveri və məcburi əmək cinayətlərinin ibtidai araşdırılması çərçivəsində bu cinayətlərdən əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın da aşkar edilməsi üçün tədbirlər görülməsi, onların leqallaşdırılmasının qarşısının alınması

Daxili İşlər Nazirliyi,

Maliyyə Monitorinqi Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti

mütəmadi

4.3.3.

İnsan alveri və məcburi əmək cinayətləri ilə mübarizədə hüquq-mühafizə orqanları, o cümlədən məcburi əməklə mübarizə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları arasında əməkdaşlığın, həmin orqanlarla məhkəmələrin qarşılıqlı əlaqələrinin gücləndirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, mütəmadi görüşlər və birgə təlimlər keçirilməsi

Daxili İşlər Nazirliyi,

Ədliyyə Nazirliyi,

Dövlət Gömrük Komitəsi,

Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Dövlət Miqrasiya Xidməti

mütəmadi

4.3.4.

İnsan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində fəaliyyətin səmərəsinin artırılması, o cümlədən transmilli mütəşəkkil cinayətkar qrupların respublikadakı mümkün əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlərin gücləndirilməsi

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi,

Dövlət Gömrük Komitəsi,

Dövlət Sərhəd Xidməti,

Dövlət Miqrasiya Xidməti

mütəmadi

4.3.5.

Respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən uşaqların, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində səylərin davam etdirilməsi, respublika daxili insan alveri və məcburi əmək qurbanlarına da xüsusi həssas yanaşılması, insanların istismarı hallarına yol verən fiziki, vəzifəli və hüquqi şəxslər barəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsi

Daxili İşlər Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Dövlət Gömrük Komitəsi,

Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti,

Dövlət Sərhəd Xidməti,

digər aidiyyəti dövlət orqanları

mütəmadi

4.3.6

Dilənçiliklə məşğul olan uşaqlarla xüsusi işin aparılması, körpə uşaqların digər şəxslərin yanında dilənçilik fəaliyyətinə cəlb edilməklə dilənçiliklə məşğul olmaq hallarına və belə fəaliyyətlərin təşkilinə qarşı mübarizənin gücləndirilməsi, belə uşaqların valideynləri (onları əvəz edən şəxslər) ilə xüsusi söhbətlərin aparılması, onların valideynlərinə (onları əvəz edən şəxslərə) qarşı tədbirlərin görülməsi

Daxili İşlər Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Dövlət Miqrasiya Xidməti

mütəmadi

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48