Beynəlxalq tədbir keçirilib

08.02.2023

Yanvarın 31-dən fevralın 3-dək Fransanın Strasburq şəhərində “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının iştirakçısı olan dövlətlərin Komitəsinin növbəti – 37-ci iclası keçirilib.
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev və Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin nümayəndəsi Ceyran Rəhmətullayeva İclasda onlayn qaydada iştirak ediblər.

Konvensiyanı ratifikasiya etmiş Avropa Şurasına üzv dövlətlərin nümayəndələri ilə yanaşı iclasda ABŞ, Kanada, Yaponiya, Morokko və Meksikadan olan nümayəndələr, həmçinin EUROPOL, İNTERPOL, UNİCEF, Baltik Dənizi ölkələri Şurası, İnsan Hüquqları Üzrə Milli İnstitutların Avropa Şəbəkəsi, Avropa Parlamenti, Fundamental Hüquqlar Üzrə Avropa Birliyi Agentliyi, Beynəlxalq Telekommunikasiya Birliyi, BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı, Uşaqların Satılması və Seksual İstismarı Üzrə BMT-nin Xüsusi Məruzəçisinin Ofisi, Dünya Səhiyyə Təşkilatı, həmçinin ondan artıq Avropa Şurası İnstitutları və qurumları iştirak ediblər.

“Onlayn Uşaq Zorakılığına Qarşı Qlobal İşçi Qrupu”nun və “Uşaq Zorakılığına Qarşı Son Fondu”nun məruzələri dinlənilib.
Eyni zamanda məruzəçilər uşaq zorakılığına qarşı mübarizənin prioritetləri barədə fikirlərini bölüşüblər.

Uşaqların seksual istismarına qarşı mübarizə sahəsində dövlət orqanları, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarının rolu mövzusunda müzakirələr aparılıb.
Tədbirdə “Lansarote Komitəsi”nin 2023-cü il üçün iş planı müzakirə olunaraq təsdiq edilib.
Şöbə rəisi Samir Qarayev keçirilən müzakirələrdə iştirak edib, ölkəmizdə bu sahədəki vəziyyət barədə iştirakçılara məlumat verib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48