2019-cu ilin 18 dekabr tarixində DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ-ın Əmək Departamentinin və ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

18.12.2019

ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin müraciəti üzrə Səfirliyin siyasi işlər üzrə müşaviri William Solley və iqtisadi məsələlər üzrə mütəxəssisi Asif Nawaz, siyasi işlər üzrə mütəxəssisi Nigar Hüseynova, ABŞ Əmək Departamentinin Beynəlxalq Əmək İşləri Bürosunun Uşaq Əməyi, Məcburi Əmək və İnsan Alveri Ofisinin əməkdaşları Julia Reinitz və Rachel Raba ilə Baş İdarədə görüş keçirilmişdir. 

Görüşdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, Baş İctimai Təhlükəsizlik İdarəsinin və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbər və işçi heyəti iştirak etmiş, insan alverinə qarşı mübarizə sahəsində bu günədək görülmüş işlər və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunmuşdur.

Gündəliyə əsasən qeyd olunmuşdur ki, insan alverinə məruz qalmış uşaq qurbanların müəyyən edilməsi ilə bağlı 2005-ci ildən hazırkı dövrədək müəyyən olunmuş 971 insan alveri qurbanından yalnız 23-ü, başqa sözlə 2.4 faizi uşaq olmuş, uşaqların məcburi əməyə cəlb edilməsi, eləcə də cinsi istismara məruz qalması minimum səviyyədə olmaqla Azərbaycan üçün xarakterik deyil.

Milli qanunvericilik rəhbər tutulmaqla həyata keçirilən məqsədyönlü fəaliyyət həmin hüquqazidd əməllərin ölkəmizdə yayılmasını istisna etmiş, ümumiyyətlə beynəlxalq tövsiyələrin daim diqqətdə saxlanıldığı vurğulanmış, qonaqların bütün sualları əsaslı arqumentlərlə cavablandırılmışdır.

ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndə heyəti aparılmış müzakirələrə və təqdim olunmuş məlumatlara görə minnətdarlığını bildirmişdir.

Görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48