Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində maarifləndirmə kampaniyası həyata keçirir.

22.10.2019

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsi çərçivəsində DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə birgə insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə kampaniyası həyata keçirilir.

Maarifləndirmə kampaniyası həm insan alveri cinayətlərinə məruz qalma riski olan potensial insan alveri qurbanları, həm də ölkənin geniş ictimaiyyəti üçün nəzərdə tutulub. Hal-hazırda maarifləndirmə işləri xüsusilə Bakı şəhərində aparılsa da, tədbirlərin kütləvi informasiya vasitələri ilə digər şəhər və rayonları əhatə etməsi planlaşdırılmışdır.   

İnsan alverinə qarşı birgə mübarizə fəaliyyəti çərçivəsində BMqT-nin Azərbaycandakı Nümayəndəliyi və DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkədə bu sahədə maarifləndirməni artırmaq üçün bir sıra materiallar hazırlanmışdır. Belə ki təbliğat-təşviqat xarakterli Azərbaycan dilində videolar, 50 min ədəd kiçik ölçülü kitabça, 50 min ədəd flayer, 750 poster, 2 min qələm, 3 min dəftər və 100 köynəyin maarifləndirmə tədbirlərində istifadəsi nəzərdə tutulur. Eyni zamanda qeyd olunan materiallar ingilis, rus və ərəb dillərində də hazırlanacaqdır.

Kampaniya çərçivəsində istifadə olunacaq təbliğat materiallarının əsas məqsədi insan alveri ilə bağlı məlumatlılığı artırmaq, preventiv tədbirləri gücləndirərək insan alveri cinayətlərinə məruz qalma riski olan şəxslərin bu cinayətlərdən zərər çəkməsinin qarşısını almaq və müraciətlər üçün DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 saylı “Qaynar Xətt” xidməti barədə məlumatları təbliğ etməkdir.

Qeyd olunmalıdır ki, kampaniya çərçivəsində insanların cinsi və əmək istismarı formaları, həmçinin 152 saylı “Qaynar Xətt” xidməti barədə müvafiq məlumatları əks etdirən iri plakatların 2019-cu ilin sentyabr-oktyabr ayları ərzində Bakı şəhərinin metro stansiyalarında nümayişi həyata keçirilir.

Qeyd: Təbliğat-təşviqat materiallarının elektron nüsxələri əlavə olunur:

https://www.facebook.com/1848684662015505/posts/2367114643505835/

https://www.instagram.com/tv/B36aL51gwK8/?igshid=9a43bevhk43g

https://youtu.be/4RmpWKHZhys


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48