Birləmiş Krallığın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə baş idarədə görüş keçirilib

25.05.2021

2021-ci ilin 25 may tarixində Birləşmiş Krallığın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilmişdir.
Görüşdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, rəis müavini, polis polkovniki Samir Zeynalov, şöbə rəisi, polis polkovnik leytenantı Ramil Kazımov, xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Elşad Məmmədli, Beynəlxalq Əməkdaşlıq İdarəsinin əməkdaşı Samir Həsənli, qarşı tərəfdən Birləşmiş Krallığın Azərbaycan Respublikasındakı Səfirliyinin Sərhəd Xidməti şöbəsinin rəhbəri xanım Angela Valmsley və Səfirliyin Sərhəd Xidməti üzrə ofis müdiri Nuranə Muradova iştirak etmişdir.


Görüşün məqsədi xanım Angela Valmsleyin təqdim edilməsi, şöbənin gördüyü işlər barədə məlumat verilməsi və potensial əməkdaşlıq məsələlərinin müzakirəsi olmuşdur.
Görüşdə qonaq heyətinə Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə strategiyası - insan alverinə qarşı mübarizə sahəsində normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi; insan alverinin qarşısının alınması üzrə profilaktiki iş; insan alveri cinayətlərinə qarşı cinayət təqibi; insan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi; insan alverindən zərərçəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi; əməkdaşlığın inkişaf etdirilməsi; səlahiyyətli nümayəndələr üçün təlimlərin keçirilməsi; maarifləndirmə; və s. tədbirlər barədə geniş məlumat verilmişdir.

Qarşı tərəfin nümayəndəsi xanım Angela Valmsley Böyük Britaniya Hökumətinin Xarici İnkişafa Yardım Fondunun 3 bölgəyə - ABŞ, Afrika və Avroasiya regionuna maliyyə dəstəyi ayırdığını, maliyyə dəstəyi ayrmaqda məqsədin həmin regionlarda ölkələrin analitik, kəşfiyyat, hədəfləmə, axtarış (gəmi, dəmiryolu, təyyarə və nəqliyyat vasitələrində), istintaq və əməliyyat xidməti orqanları üçün açıq resurslardan məlumatların toplanılması üzrə təkmilləşdirmə, bayır xidməti aparan polislər və QHT-lər üçün insan alveri qurbanlarının tanınması ilə bağlı tələbatların öyrənilməsi, bu sahədə müvafiq layihənin hazırlanaraq Xarici İnkişafa Yardım Fonduna göndərildiyini bildirmişdir. Eyni zamanda əməkdaşlıq münasibətlərinin davamlı və məhsuldar olmasını təmin etmək üçün ikitərəfli memorandum imzalanmasını tövsiyə etmişdir.

Xanım Angela Valmsley insan alverinə qarşı mübarizəyə dair verilən geniş məlumata görə Baş İdarə rəisi Həzi Aslanova minnətdarlığını bildirməklə Azərbaycan Hökuməti tərəfindən görülən işləri yüksək qiymətləndirmiş, xidməti fəaliyyətlərində Azərbaycan təcrübəsindən nümunə olaraq istifadə edə biləcəklərini qeyd etmişdir.
Görüş ümumilikdə səmimi və işgüzar şəraitdə keçmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48