3-4 aprel 2019-cu il tarixlərdə Bakı şəhərində insan alverinə qarşı mübarizəyə dair beynəlxalq seminar keçirilmişdir.

05.04.2019

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması" layihəsinə əsasən 3-4 aprel 2019-cu il tarixlərdə Bakı şəhərində  "Cinayət təqibi orqanlarının insan alveri ilə mübarizə sahəsində rolu" mövzusunda beynəlxalq seminar keçirilmişdir. 

Tədbirin məqsədi Azərbaycan Hökumətinin insan alverinə qarşı mübarizəsi və insan alveri qurbanlarının müdafiəsi üzrə potensialının, səlahiyyətli şəxslərin bilik və bacarıqlarının artırılması, bu sahədə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsini gücləndirilməsi olmuşdur.

Seminarda Azərbaycan Respublikasının Daxili İşlər, Xarici İşlər və Ədliyyə nazirliklərinin, Baş Prokurorluğun, məhkəmə orqanlarının, Vəkillər Kollegiyasının məsul nümayəndələri ilə yanaşı bir sıra xarici ölkələrin (Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya, İsveçrə, Ukrayna, Moldova və Belarus) nümayəndələri və beynəlxalq qurumların (Beynəlxalq Miqrasiya Təşkilatının Regional Ofisi, İNTERPOL, EUROJUST, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi) təmsilçiləri iştirak etmişdir.

Tədbirin açılışı zamanı DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov çıxış edərək Azərbaycanda bu sahədə görülmüş işlər, xüsusən Milli Fəaliyyət planlarından irəli gələn mühüm tədbirlərin həyata keçirilməsi, Dövlət Başçısı tərəfindən bu fəaliyyətə yüksək siyasi dəstək verilməsi, insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması üzrə aparılan hərtərəfli islahatlar, hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsinə yönəlmiş addımlar, həmin əməllərin profilaktikası və cinayət təqibinin ən yüksək səviyyədə təşkili, vətəndaşların qanuni mənafelərinin etibarlı müdafiə edilməsi, Azərbaycan Respublikasının qanunları ilə ratifikasiya edilmiş beynəlxalq sənədlər və konvensiyaların insan alverinə qarşı mübarizədə institusional inkişaf üçün yeni imkanlar açması barədə qeydlər etdi.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşaviri Simona Qatti çıxış edərək insan alverinə qarşı mübarizə sahəsində mühüm işlər görən Azərbaycan Hökumətinin səylərini, tərəfdaşlığını və əməkdaşlığını yüksək qiymətləndirmiş və cinayət təqibi fəaliyyətinin daha çox dəstək və təkmilləşdirmə tələb edən sahələrdən olduğunu bildirmişdir.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgijev çıxış edərək bildirdi ki, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması” layihəsinin məqsədi insan alverinə qarşı Avropa hüququna və beynəlxalq standartlara uyğun mübarizənin aparılması, insan hüquqları və fundamental azadlıqlar ilə bağlı hüquqi müddəaların şərhinə və tətbiqinə dəstək vermək üçün Azərbaycan Hökumətinin insan alveri və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirlərini dəstəkləməkdir. 

Seminarda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İlkin Qurbanov “İnsan alverinə qarşı mübarizə fəaliyyəti- Azərbaycan təcrübəsi” mövzusunda təqdimatla çıxış edərək, ölkəmizdə bu sahədə görülən işlər barədə iştirakçıları məlumatlandırmış, sualları cavablandırmış, Azərbaycan təcrübəsi böyük marağa səbəb olmuşdur.

Tədbirdə beynəlxalq, regional və yerli səviyyədə insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi məsələləri müzakirə edilmişdir.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48