Nümayəndə heyəti ABŞ-da səfərdə olub

18.11.2022

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” adlı layihə çərçivəsində bu ölkədə bir sıra görüşlər keçirilib. Noyabrın 5-dən 11-dək davam edən səfərdə BMqT-nin Azərbaycandakı Ofisinin rəhbəri Vladimir Georgiyev, layihə koordinatoru Anar İskəndərov, Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev, xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Elşad Məmmədli də iştirak ediblər.

Səfər proqramı çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Vaşinqtondakı ofisində keçirilən görüş əsnasında nümayəndələr ABŞ federal sistemi və BMqT-nin Vaşinqton ofisinin fəaliyyəti ilə tanış olublar.

Həmçinin Dövlət Departamentində insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanla bağlı məruzələri hazırlayan nümayəndələrlə, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində, Qaçqınlar və İmmiqrantlar, İnsan Alveri Xidmətləri komitəsində, Ədliyyə Departamentinin Cinayət Qurbanları üçün İdarəsində, Səhiyyə və İnsan Xidmətləri Departamentində və Əmək Departamentində, Texas Ştatının Dallas Polis Departamentində, Dallas Ədliyyə Departamentində və “Polaris” və “Mozaik” qeyri-hökumət təşkilatlarında da səmərəli görüşlər keçirilib.

Səfər müddətində bu sahədə ABŞ təcrübəsi öyrənilməklə yanaşı Azərbaycanda bu sahədə görülmüş işlər və əldə edilmiş nəticələr barədə məlumat verilib, ölkəmizin təcrübəsi maraqla qarşılanıb. Bütün görüşlərdə qarşı tərəfə xatirə hədiyyəsi olaraq Azərbaycanın xəritəsi və xarıbülbülün əks olunduğu lövhələr təqdim edilib, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə Ermənistan işğalçı ordusu tərəfindən işğalda saxlanması, həmin ərazilərin narkotik və insan alveri üçün istifadə olunduğu, lakin 2020-ci ildə 44 günlük əks-hücum əməliyyatı zamanı bu ədalətsizliyə son qoyulduğu görüş iştirakçılarının nəzərinə çatdırılıb.
Görüşlər səmimi və işgüzar şəraitdə keçirilib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48