23.04.2026
Aprel 20-də və 21-də Avstriyanın paytaxtı Vyana şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan Alverinə qarşı Mübarizə üzrə Alyansının növbəti 26-cı Konfransı keçirilib.
ATƏT-in İnsan Alverinə qarşı Mübarizə üzrə Xüsusi Nümayəndəsi və koordinatoru K.Constonun sədrliyi ilə “Məcburi cinayətkarlığın artımı: təhlükəsizlik sistemində kor zonaların aradan qaldırılması” mövzusunda keçirilən tədbirdə ATƏT-in üzvü olan dövlətlərin nümayəndələri iştirak ediblər.
İclasın birinci günündə ATƏT-in baş katibi, İsveçrənin Federal Polis və Ədliyyə Departamentinin rəhbərinin, ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Ofisinin direktorunun çıxışları dinlənilib, həmçinin İNTERPOL-un Mütəşəkkil cianyətkarlıq və yeni növ cinayətlərlə mübarizə üzrə direktor müavini təqdimat edib.
İclasın ikinci günündə keçirilən panel müzakirələrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi çıxış edib.
O, ATƏT regionu ölkələrində tez-tez rast gəlinən insan alveri qurbanı olan həssas qrupların - uşaqların, qadınların, miqrantların məcburi cinayət törətməyə sövq edildikləri zaman cəzalandırılmaması prinspinin Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının 26-cı maddəsində açıq şəkildə təsbit olunduğunu qeyd edib.
Bildirib ki, Azərbaycan Respublikası həmin Konvensiyanı və ona dair bəyanatları 11 may 2010-cu ildə təsdiq etməsinə baxmayaraq, hələ 2005-ci ildə qəbul edilmiş “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 17-ci maddəsində insan alverindən zərər çəkmiş şəxslərin bilavasitə insan alverinin qurbanı vəziyyətində olması nəticəsində məcburetmə və ya təhdid altında törətdikləri əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda mülki, inzibati və cinayət məsuliyyətindən azad edildikləri qeyd olunub.
Konfrans aprelin 21-də öz işini yekunlaşdırıb.