İNSAN ALVERİNİN QARŞISININ ALINMASI
İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.
Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən insan alverinin profilaktikası müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.
İnsan alverinin profilaktikası üzrə tədbirlər sisteminə aşağıdakılar daxildir:
İnsan alverinin qarşısının alınması, xüsusilə də gender aspektləri üzrə tədqiqatların aparılması;
İnsan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsi;
Qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi;
İnsan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi;
İnsan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi;
İnsan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırılması;
Uşaqların baxımsızlığına və kimsəsizliyinə şərait yaradan səbəb və halların aşkar edilməsinə və aradan qaldırılmasına yönəldilmiş sosial, hüquqi, pedaqoji və digər tədbirlər sisteminin yaradılması və ondan səmərəli istifadə edilməsi;
Təhsildən yayınan uşaqların aşkar edilməsi, onların tərbiyə edilməsi və təhsil almaları üçün tədbirlərin görülməsi;
Təhsil müəssisələri, uşaq evləri, internat məktəbləri və yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən digər orqan və müəssisələrdə xüsusi proqramların hazırlanması və həyata keçirilməsi;
İnsan alverinə qarşı mübarizəni həyata keçirən orqanların əməkdaşları üçün xüsusi tədris kurslarının təşkil edilməsi.
Azərbaycan Respublikası Prezidentinin 24.07.2014-cü il tarixli, 667 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “İnsan alverinə qarşı mübarizə üzrə 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda insan alverinin qarşısının alınması aşağıdakı tədbirlər sistemi çərçivəsində öz əksini tapmışdır:
İnsan alverinin qarşısının alınması qanunvericilik çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.
İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi təmin olunur, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma həyata keçirilir.
İnsan alveri cinayətlərindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına xidmət edən “qaynar xətt” barədə ictimaiyyətin məlumatlandırılması davam etdiriləcək, xidmətdə çalışan operatorlara mütəmadi təlim keçirilməsi, bu xətlərin təhlükəsizliyinin və ondan istifadə edən şəxslərin konfidensiallığının, həmçinin xidmətin təşkilati-texniki imkanlarının artırılmasının təmin edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.
İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə metodik-tədris vəsaitlərinin hazırlanması, insan alverinə qarşı mübarizəyə dair elmi tədqiqatların aparılmasının təmin edilməsi və əldə edilmiş nəticələrdən mübarizə tədbirlərinin səmərəsini artırmaq üçün istifadə edilməsi nəzərdə tutulur.
Uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlər gücləndiriləcəkdir.
Qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə monitorinqlərin, yoxlama tədbirlərinin həyata keçirilməsi, insan alverinə şərait yaradan halların müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması istiqamətində işlərin görülməsi, əmək miqrasiyasına nəzarətin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi, insan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqini aparmaqla, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi, habelə ölkədaxili və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə etməklə, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşları və vətəndaş cəmiyyəti nümayəndələri üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.
İnsan alverinin qarşısının alınması Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər planında aşağıdakı kimi nəzərdə tutulmuşdur:
13. Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı
TƏDBİRLƏR PLANI:
Sıra №-si |
Tədbirin adı |
İcraçı orqanlar |
İcra müddəti (illər üzrə) |
13.2. İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi |
|||
13.2.1. |
İnsan alveri cinayətlərindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan və potensial qurbanlarına xidmət edən telefon “qaynar xətt”in təşkilati-texniki imkanlarının artırılması |
Daxili İşlər Nazirliyi |
2015 |
13.2.2. |
İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə metodik-tədris vəsaitlərinin və təşviqat materiallarının hazırlanması |
Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları |
2014-2016 |
13.2.3. |
İnsan alverinə qarşı mübarizəyə dair elmi və sosial tədqiqatların aparılması, ictimai rəyin öyrənilməsi üçün sorğu və sair tədbirlərin həyata keçirilməsi |
Daxili İşlər Nazirliyi, ali təhsil müəssisələri, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
2014-2016 |
13.2.4. |
Uşaq əməyinə dair beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
mütəmadi |
13.2.5. |
Qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi üzrə fəaliyyətin gücləndirilməsi və bununla bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə monitorinqlərin həyata keçirilməsi, insan alverinə şərait yaradan halların müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması üçün birgə tədbirlərin görülməsi |
Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları |
mütəmadi |
13.2.6. |
Əmək miqrasiyasına nəzarətin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti |
mütəmadi |
13.2.7. |
İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi |
Yerli icra hakimiyyəti orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
mütəmadi |
13.2.8. |
İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
mütəmadi |
13.2.9. |
Kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqi aparılmaqla, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi |
Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
mütəmadi |
13.2.10. |
İnsan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşları, təlim-tərbiyə və təhsil müəssisələrinin işçiləri, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri üçün xüsusi tədris kurslarının təşkili və bununla bağlı ölkədaxili və xarici əməkdaşlıq imkanlarından geniş istifadə edilməsi |
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları |
mütəmadi |