İNSAN ALVERİ QURBANLARININ MÜDAFİƏ EDİLMƏSİ
İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.
Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən cinayət təqibi orqanının müraciətinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərməlidirlər.
İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir.
Məhkəmənin və ya digər cinayət təqibi orqanının qərarı ilə insan alverindən zərər çəkmiş şəxsin şəxsiyyəti haqqında məlumat-sorğu xidmətlərində və informasiya-məlumat fondlarında olan məlumatlara buraxılış dayandırılır.
İnsan alveri qurbanlarının şəxsi və ailə həyatının sirri olan məlumatların yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur. İnsan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumat konfidensial hesab edilir və onun yayılması qadağandır.
İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları və ya onun barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Beynəlxalq daşımaları həyata keçirən hüquqi şəxslər, nəqliyyat təşkilatları, nəqliyyat vasitələrinin sahibləri və ya operatorları sərnişinlərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görməli, habelə sərnişinlərin müvafiq dövlətin ərazisinə giriş (çıxış) üçün sənədlərə malik olmalarını yoxlamalı, belə sənədlər olmadıqda, daşıma xidmətini göstərməkdən imtina etməlidirlər.
İnsan alverindən zərər çəkmiş şəxslər bilavasitə insan alverinin qurbanı vəziyyətində olmasının nəticəsində məcburetmə və ya təhdid altında törətdikləri əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda mülki, inzibati və cinayət məsuliyyətindən azad edilirlər.
İnsan alverinin qurbanı olmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müdafiə və yardım Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər səviyyədə təqdim olunur.
İnsan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir. Cinayət prosesini həyata keçirən orqanın əməkdaşı təhlükəsizliyin təmin edilməsi imkanları və tətbiq edilən müdafiə tədbirləri barədə insan alverindən zərər çəkmiş şəxsi xəbərdar etməlidir.
İnsan alverindən zərər çəkmiş şəxslər barəsində tətbiq olunan təhlükəsizlik tədbirləri insan alveri ilə bağlı cinayətlərə dair ibtidai araşdırma, məhkəmə baxışı, habelə məhkəmənin yekun qərarı çıxarıldıqdan sonrakı dövr də daxil olmaqla, təhlükə tam aradan qalxanadək davam etdirilir.
İnsan alverindən zərər çəkmiş şəxslərin şəxsiyyətinin anonimliyinin təmin edilməsi məqsədilə uydurma adlardan istifadə edilə bilər.
Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirir, onların Azərbaycan Respublikasının ərazisinə qayıtmasına yardım edirlər.
İnsan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlər itdikdə və ya onları insan alverçilərindən geri almaq mümkün olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.
İnsan alveri qurbanlarının müdafiəsi üçün aşağıdakı xüsusi müəssisələr yaradılır:
İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar;
İnsan alveri qurbanlarına yardım mərkəzləri.
Xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Xüsusi müəssisələrdə hər hansı pullu xidmətlərin göstərilməsinə yol verilmir.
Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar (bundan sonra - sığınacaqlar) insan alveri qurbanlarına layiqli yaşayış şəraitinin yaradılması, onların təhlükəsizliyinin təmin edilməsi, orada sığınacaq tapan şəxslərin qida və dərman preparatları ilə təmin edilməsi, onlara təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımın göstərilməsi üçün yaradılır. Sığınacaqlarda insan alveri qurbanlarına telefonla danışmaq və tərcüməçinin xidmətlərindən istifadə etmək imkanı yaradılır. Konfidensial söhbət aparılması üçün xüsusi yerlər ayrılır.
Sığınacaqlarda insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir.
Sığınacaq davranışından, cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək və insan alverçilərinə qarşı ifadə vermək istəyindən asılı olmayaraq insan alverinin qurbanına onun xahişi ilə 30 gün müddətinə təqdim edilir.
Sığınacaq verilmə müddəti xüsusi polis qurumunun və ya insan alveri qurbanının vəsatəti ilə uzadıla bilər. Bütün hallarda sığınacağa yerləşdirmə və sığınacaq verilmə müddətinin uzadılması insan alveri qurbanının razılığı ilə həyata keçirilir.
İnsan alverinin qurbanı olmuş uşaqlara sığınacaq verilməsi və onların orada saxlanılması “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq həyata keçirilir.
İnsan alveri qurbanlarına yardım mərkəzləri (bundan sonra – yardım mərkəzləri) insan alveri qurbanlarına onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar vermək, tibbi, psixoloji və digər zəruri yardımın göstərilməsi, habelə insan alveri qurbanlarının sosial reabilitasiyasına kömək məqsədilə yaradılır.
Yardım mərkəzlərində insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir. İnsan alverinin qurbanı uşaqlar olduqda onlar barədə qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verilir.
Yardım mərkəzlərində davranışından, cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək və insan alverçilərinə qarşı ifadə vermək istəyindən asılı olmayaraq, özünü insan alverinin qurbanı kimi təqdim edən hər hansı şəxsə onun xahişi ilə yardım göstərilir.
Yardım mərkəzlərində şəxsin insan alverinin qurbanı olması ehtimal olunduqda, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq həmin şəxsin sığınacaqda yerləşdirilməsi üçün tədbirlər görülür.
İnsan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilir.
Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanı təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin xidmətlərindən istifadə edə bilər.
Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanına Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.
Şəxsin insan alverinin qurbanı olmadığı müəyyənləşdirildikdə, bərpa və fikirləşmə müddəti verilmir, bu müddət başlandıqda isə dayandırılır.
İnsan alveri qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur.
İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir.
İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən insan alveri qurbanlarının, xüsusilə uşaqların yaşı, cinsi və tələbatları, o cümlədən zəruri sığınacaq, təhsil və qayğıya olan ehtiyacları nəzərə alınır.
İnsan alveri qurbanlarının sosial reabilitasiyası Azərbaycan Respublikasının dövlət büdcəsi və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İnsan alverinin qurbanı olmuş uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalı, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün bütün tədbirlər görülməlidir.
Sığınacaqlar və yardım mərkəzləri insan alverinin qurbanı olmuş uşaq barədə qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verirlər.
Qəyyumluq və himayə orqanı və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya uşağın hüquq və mənafelərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunması üçün tədbirlər görür.
Şəxs sığınacağa qəbul edilərkən onun yaşını dəqiq müəyyən etmək mümkün olmadıqda, lakin həmin şəxsin 18 yaşına çatmadığı ehtimal edildikdə, o, uşaq hesab edilir. Uşaqların sığınacaqda qalma müddəti 60 gündür. Sığınacaq verilmə müddəti xüsusi polis qurumunun, qəyyumluq və himayə orqanının və ya Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti ilə uzadıla bilər. Uşaqlar sığınacağa yerləşdirilərkən və burada saxlama müddəti uzadılarkən 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.
Sığınacaqlarda uşaqlar bir qayda olaraq, ayrıca yerləşdirilirlər. Uşağın mənafeyi nəzərə alınaraq, o, valideynləri (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) və ya uşağın psixoloji durumuna müsbət təsir göstərən digər şəxslərlə də yerləşdirilə bilər.
Sığınacaqlara yerləşdirilmiş uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanı yaradılır.
İnsan alverinin qurbanı olmuş uşaq valideynlərinin yerini bilmədikdə və ya valideyn himayəsindən məhrum olduqda, insan alverinə qarşı mübarizə aparan dövlət orqanları onun valideynlərinin axtarılması, yaxud barəsində qəyyumluq və ya himayənin müəyyən edilməsi üçün tədbirlər görür.
Belə uşaqların sosial müdafiəsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir.
İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası xüsusi tərtib edilmiş proqramlar əsasında bu “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 15.4-cü və 16.1-ci maddələri, habelə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda insan alveri qurbanlarının müdafiəsi aşağıdakı tədbirlər sistemi çərçivəsində öz əksini tapmışdır:
4.4. İnsan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi |
|||
4.4.1. |
Regionlarda insan alveri qurbanlarına xidmət göstərən yeni sığınacaq və yardım mərkəzlərinin yaradılması və həmin mərkəzlərin fəaliyyətinin təmin edilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2020─2024 |
4.4.2. |
Regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı təkliflər hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar |
2020─2024 |
4.4.3. |
İnsan alveri qurbanlarına ayrılmış stasionar və ambulator tipli müəssisələrdə ixtisaslı tibbi yardım göstərilməsinin davam etdirilməsi |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi |
mütəmadi |
4.4.4. |
İnsan alveri qurbanlarına xidmət göstərən dövlət və qeyri-dövlət sığınacaq və yardım mərkəzlərinin, digər sosialyönümlü müəssisələrin imkanlarının öyrənilməsi, onların potensialının artırılması üçün maliyyə vəsaitinin ayrılması |
Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
2020─2024 |
4.4.5. |
İnsan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəldilmiş kursların təşkili, məşğulluq probleminin həlli |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi |
mütəmadi |
4.4.6. |
İnsan alveri qurbanlarına xidmət göstərən sığınacaq və yardım mərkəzlərində hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının cəlb olunması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi |
mütəmadi |
4.4.7. |
İnsan alveri qurbanlarının və onların yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən hüquqi və fiziki şəxslərin təhlükəsizliyinin "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” və "İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təmin edilməsi |
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti |
mütəmadi |
4.4.8. |
Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiə olunması |
Xarici İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları |
mütəmadi |
4.4.9. |
Xarici ölkələrdə insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasına repatriasiyasının təmin olunması və digər zəruri ehtiyaclarının qarşılanması |
Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, digər aidiyyəti dövlət orqanları |
mütəmadi |