Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində QHT rəhbərləri ilə görüş keçirilmişdir.

20.10.2020

2020-ci ilin 20 oktyabr tarixində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasına daxil olan reabilitasiya və sığınacaq mərkəzləri olan Qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir.


Görüşdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən rəisi, polis general-mayoru Həzi Aslanov, rəis müavini, polis polkovniki Samir Zeynalov və digər məsul şəxslər, Qeyri-hökumət təşkilatları Koalisiyasından "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə, "İnsan Alverinə qarşı Mübarizə Təşkilatı" İctimai Birliyinin sədri Ramiz Alıyev, "Ümidli Gələcək Gənclər Təşkilatı"nın sədri Kəmalə Aşumova, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, "Ailə Dünyası, Ailələrə Hüquqi Yardım" İctimai Birliyinin sədri Gülayə Səfərova, "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctmai Birliyinin sədri Zenfira Mustafayeva iştirak etmişdir.


Görüşü açılış nitqi ilə açan İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov Аzərbаycаn Rеspublikаsının Prеzidеnti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlhаm Əliyеvin rəhbərliyi altında hərbiçilərmiz tərəfindən keçirilən uğurlu döyüş əməliyyatları nəticəsində işğal olunmuş torpaqların azad edilməsi münasibəti ilə iclas iştirakçılarını təbrik etmiş, işğal olunmuş torpaqların azad edilməsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.


Daha sonra polis general-mayoru Həzi Aslanov ölkədə insan alverinə qarşı mübarizə sahəsində normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, profilaktika, cinayət təqibi, insan alveri qurbanları və ya potensial qurbanları, o cümlədən uşaqların sosial reabilitasiyası, müdafiəsi və onlara göstərilən yardımın gücləndirilməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, səlahiyyətli nümayəndələr üçün təlimlərin keçirilməsi barədə görüş iştirakçılarına geniş məlumat vermişdir.


Baş İdarənin rəis müavini, polis polkovniki Samir Zeynalov çıxış edərək "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nda ixtisaslaşmış qeyri hökumət təşkilatlarının cəlb olunduğu tədbirlərin keyfiyyətli icrası, 2019-2023-cü illəri əhatə edən Anlaşma Memorandumunda nəzərdə tutulmuş əməkdaşlıq sahələri, ABŞ Dövlət Departamenti tərəfindən 2021-ci ildə yayımlanacaq növbəti illik hesabatda Azərbaycanın bir pillə irəliləməsi məqsədilə faydalı ola biləcək digər məsələlər barədə ətraflı məlumat vermişdir.


Görüşdə Qeyri-Hökumət təşkilatları Koalisiyasının rəhbərləri çıxış edərək işğaldan azad olunan torpaqlarda insanlar üzərində sınaqların keçirilməsini nəzərdə tutan laboratoriyaların mövcudluğu məsələsinin insan alverinə qarşı mübarizə spektorunda araşdırılması, qəbul edilmiş yeni Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində qeyri-hökumət təşkilatlarının qarşısında konkret tapşırıqların qoyulması və icrası barədə Koalisiyaya hesabatların verilməsi, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin monitorinqi və fəaliyyətin maliyyələşdirilməsi, keçirilən görüşlərin daimi olması və uşaqların reinterqrasiyasına yönəlmiş sosial lahiyələrin sayının artırılması, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticələrinin Baş İdarənin rəsmi saytında və Qeyri-hökumət təşkilatları tərəfindən sosial şəbəkəyə yerləşdirilməsi, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəsmi saytında “116111” Qaynar Xətt nömrəsinin yerləşdirməsi və ayrı-ayrı qurumların zəng mərkəzlərinə inteqrasiya edilməsi, Koalisiyanın beynəlxalq əməkdaşlıq fəaliyyətini genişləndirərək dövri olaraq onlara görülmüş işlər barədə hesabatların təqdim edilməsi və sosial layihələrin sayının çoxaldılması kimi məsələlər təklif edilmişdir.


Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuş, qonaq heyət səmərəli məlumat mübadiləsinə görə dərin minnətdarlığını bildirmişdir.