16 sentyabr 2016-cı il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

16.09.2016

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizə üzrə məsul əməkdaşı xanım Heyli Rayt, ABŞ-ın Bakıdakı Səfirliyinin siyasi işlər üzrə müşaviri xanım Syuzan Çesli və siyasi işlər üzrə mütəxəssisi Hüseyn Pənahovdan ibarət nümayəndə heyətini insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətləri müzakirə etmək məqsədilə 16 sentyabr 2016-cı il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində qəbul etmişdir.

Baş İdarənin rəisi və məsul əməkdaşlarının müşayiəti ilə ABŞ nümayəndə heyəti Baş İdarəyə bilavastə tabe olan İnsan alveri qurbanları üçün sığınacağa səfər edərək mövcud şərait və təchizatla yaxından tanış olmuş, sığınacaqla bağlı ətraflı məlumatlandırılmışlar.

Görüşdə qonaqlara son 11 il ərzində Respublikada insan alverinə qarşı mübarizənin göstəriciləri, insan alveri qurbanlarının müəyyən edilməsi, onların istiqamətləndirilməsi, müdafiə edilməsi və yardımlar göstərilməsi barədə ətraflı məlumat verilmiş, ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizə edilən son tövsiyələrin yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görüldüyü və hazırda bu işin davam etdirildiyi, ümumiyyətlə beynəlxalq tövsiyələrin daim diqqətdə saxlanıldığı qeyd olunmuş, qarşı tərəfin sualları cavablandırılmışdır.

Eyni tarixdə ABŞ-ın Bakıdakı Səfirliyinin Missiya rəhbərinin müavini cənab Vilyam R. Gillin dəvəti ilə onun igamətgahında Baş İdarənin məsul heyəti iştirak etmişdir.

Tədbirdə Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə sahəsində irəliləyiş əldə etdiyi vurğulanmış, bu istiqamətdə insan alveri hallarının araşdırılması, cinayətkarların təqib olunması və cəzalandırılması işi xüsusilə qeyd olunmuş, ölkəmizə sıx tərəfdaşlıq üçün minnətdarlıq birldirilmişdir.

Keçirilən görüşlər səmimi və işgüzar şəraitdə baş tutmuşdur.

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48