DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi Avropa Şurası və Moldova Hökumətinin birgə keçirdiyi Konfransda iştirak edib

27.11.2025

Noyabrın 18-də Moldovanın paytaxtı Kişinyov şəhərində Moldova hökuməti ilə Avropa Şurasının əməkdaşlığı çərçivəsində “Sübutlara əsaslanan siyasət aparmaqla uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi iştirak edib.

“Sübutlara əsaslanan siyasət”, “Siyasi və praktik məlumatlandırma məqsədi ilə Barnahus və digər multidissiplinar (çoxsahəli) və idarələrarası xidmət müəssisələrin bazalarından yararlanmaq”, “Məlumat bazasının inkişaf etdirilməsi, müxtəlif qurumlarla məlumat mübadiləsi və beynəlxalq məlumat bazalarından məlumatların əldə edilməsi üsulları” və “Beynəlxalq cinsi cinayətkarlar: sərhəddənkənar yenidən cinayət törədilməsinin qarşısının alınması siyasətinin gücləndirilməsi” mövzulalarında keçirilən panel müzakirə və seminarlarda “Sübutlara əsaslanan siyasət nə deməkdir?”, “Hansı növ məlumat bazası tələb olunur?” və “Ölkələr təcrübədə bunu necə edir?” mövzularında təqdimatlar dinlənilib.

Noyabrın 19-dan 21-dək Lanzarot Komitəsinin 46-cı iclası keçirilib. Komitə nümayəndələrinin iştirakı ilə əvvəlki müzakirələrin nəticəsi olaraq hazırlanmış “İnam çərçivəsində” uşaqlara qarşı cinsi istismar və cinsi zorakılıq törədilməsinə qarşı mübarizə üzrə iştirakçı dövlətlərin hesabatı” elan edilib, iştirakçı dövlətlərin nümayəndələri yekun hesabata münasibət bildiriblər. Həmin hesabat üzrə ümumi xülasə təqdim olunub, ölkələr tərəfindən bu istiqamətdə görüləcək işlər və bu işlərin Komitə tərəfindən izlənilməsi qaydaları müzakirə edilib.

İclasın növbəti panelində Lanzarot Komitəsinin 2025-ci il ərzində keçirilmiş iclaslarının qısa xülasəsi təqdim edilib, Konvensiyanın Katibliyi tərəfindən hazırlanmış, Komitə tərəfindən cari ildə görülmüş işlərə dair hesabat təqdim olunub.

Daha sonra “Potensialların artırılması, məlumat mübadiləsi, praktik çətinliklər, yaxşı təcrübələrin öyrənilməsi” adlı paneldə “Üzvlər, iştirakçılar və müşahidəçilər tərəfindən görülmüş işlərə dair məlumat” mövzusu üzrə müzakirələr aparılıb.

İclasın sonunda Komitənin 2026-cı il üçün iclaslar planı müzakirə edilərək təsdiq edilib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48