İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi orqan transplantasiyası üzrə beynəlxalq konqresdə iştirak edib

21.10.2025

Oktyabrın 9-dan 11-dək İspaniya Krallığının Sevilya şəhərində Orqan Transplantasiyası Üzrə Avropa İcması (ESOT) beynəlxalq təşkilatı tərəfindən “Orqan transplantasiyasının etik, hüquqi, psixososial aspektləri, yeni texnologiyaların tətbiqi - bəşəriyyətin inkişafı” mövzusunda beynəlxalq konqres keçirilib.

Konqresdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi də iştirak edib.

Tədbirdə “Ksenotransplantasiyanın mürəkkəbliyi və etik idarə olunması” və “Evtanaziyadan sonra orqan transplantasiyası, ölüm və həyatın xilas edilməsi arasında sərhəd” mövzuları müzakirə edilib, mütəxəssislər tərəfindən ksenotransplantasiyanın hüquqi, etik və tibbi tərəfləri barədə geniş məlumat verilib, bu sahədə aparılan tədqiqatlar təqdim edilib.

Konqres “Orqan donorluğunda ictimai inam”, “Orqan transplantasiyanın etik, sosial və hüquqi tərəfləri”, “Qaraciyər donorluğunda qərarların qəbulu”, “21-ci əsrdə qaraciyər satışı: cinayət işlərindən nəticələrin çıxarılması”, “Orqan transplantasiyası zamanı yeni texnologiyaların tətbiqi və bunun etik aspektləri”, “Orqan satışı və qlobal mobillik”, “İctimai razılıq olduğu təqdirdə orqan satışının qanuniləşdirilməsi üzrə müzakirələr” və “Orqan transplantasiyasından sonra möhkəmliyin təmin edilməsi” mövzularında sessiyalarla davam edib, “İnsan faktoru və orqan transplantasiyasının gələcəyi” adlı bağlanış sessiyası ilə işini yekunlaşdırıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48