12 may 2026-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimovun 2025-ci il ərzində insan alverinə qarşı mübarizə fəaliyyətinə dair illik məlumatı dinlənilmişdir

12.05.2026

Ölkədə insan alverinə qarşı mübarizədə həyata keçirilən kompleks tədbirlərin nəticələrini əks etdirən bu hesabat Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının, o cümlədən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və ərazi polis orqanlarının, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Ombudsman Aparatının, Vəkillər Kollegiyasının, Bakı şəhər İcra Hakimiyyətinin, 28 mərkəzi icra hakimiyyəti orqanının məlumatları əsasında “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır.
Hesabatda, həmçinin insan alverinə qarşı mübarizədə fəaliyyət göstərən Qeyri-hökumət təşkilatları Koalisiyasının materialları və aidiyyəti beynəlxalq təsisatların bu sahəyə dair təhlil və qiymətləndirmələri nəzərə alınmışdır.
Qeyd edilməlidir ki, Birləşmiş Millətlər Təşkilatının 2024-cü ilin yanvar ayında açıqladığı 7-ci Qlobal Hesabatdan sonra insan alveri ilə bağlı vahid böyük “qlobal hesabat” dərc edilməsə də, son iki ildə bəzi yenilənmiş məlumatlar və analitik buraxılışlar təqdim olunmuşdur.
Belə ki, 2026-cı ilin yanvar ayında Avropa İttifaqının rəsmi veb saytında yayımlanmış statistik məlumatda 2024-cü ildə Avropa İttifaqına üzv dövlətlərdə 9.678 insan alveri qurbanının qeydə alındığı, onların təxminən üçdə ikisinin (63%) qadın və ya qızlar olduğu, istismar forması kimi cinsi istismarın (46%) üstünlük təşkil etdiyi, məhkum edilmiş insan alverçilərinin sayının 2.599 nəfər olmaqla 13 faiz artdığı qeyd olunur.
Bununla bərabər, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan Alverinə qarşı Mübarizə üzrə Xüsusi nümayəndəsi və Koordinatoru Ofisinin 2026-cı ilin mart ayında açıqladığı sorğu hesabatda 2021-2024-cü illərdə iştirakçı dövlətlər tərəfindən 102.000, təkcə 2024-cü ildə isə 30.000 insan alveri qurbanının müəyyən edildiyi, qurbanların 32 faizinin məcburi əməyə, 21 faizinin cinsi istismara, 17 faizinin cinayətkar fəaliyyətə cəlb etmə kimi istismar formalarına məruz qaldığı, həmçinin onlayn cinsi istismar hallarının kəskin artdığı vurğulanır (2021 - 9, 2025 - 1665).
İNTERPOL-un rəsmi internet səhifəsində 43 ölkənin polis, sərhəd, əmək müfəttişliyi, vergi və gömrük orqanlarının 15.000 zabitinin iştirakı ilə 2025-ci ildə keçirilmiş genişmiqyaslı əməliyyat nəticəsində 1.194 potensial insan alveri qurbanının aşkarlandığı, 158 şübhəlinin həbs edildiyi, müəyyən edilmiş cinsi istismar qurbanlarının əksəriyyətinin yetkin qadınlar, məcburi dilənçiliyə və cinayətkar fəaliyyətə cəlb edilənlərin əksəriyyətinin uşaqlar olduğu barədə məlumat yayımlanmışdır.
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsinin statistik yanaşmasından, Avropa İttifaqının regional monitorinqinin nəticələrindən, ABŞ Dövlət departamentinin 2025-ci il üzrə İnsan alveri hesabatındakı ölkə sıralamalarından və İNTERPOL-un əməliyyatların nəticələrinə əsaslanan məlumatlarından görünür ki, insan alveri artıq yalnız hüquq mühafizə problemi kimi deyil, həm də sosial-iqtisadi və informasiya təhlükəsizliyi aspektlərini əhatə edən fundamental və kompleks təhlükə olaraq qiymətləndirilir.
Qeyd edilənlər nəzərə alınmaqla ötən dövrdə Azərbaycan Respublikası tərəfindən müvafiq proseslər çoxsəviyyəli və davamlı mexanizmlər vasitəsilə diqqətlə izlənilmiş, insan alverinə qarşı mübarizədə qlobal və regional trendlər, yeni risklər və cinayətkar şəbəkələrin fəaliyyət istiqamətləri mütəmadi təhlil olunmuş, qabaqlayıcı iş, cinayət təqibi, qurbanların müdafiəsi və sosial reabilitasiyası ilə bağlı tədbirlər məqsədyönlü şəkildə davam etdirilmişdir.
İnsan alverinə qarşı mübarizənin əsas prioritet istiqamətlərindən olan institusional mexanizmlərin təkmilləşdirilməsinə hesabat ilində də önəm verilərək aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə Azərbaycan Respublikasının bir Qanununa, Azərbaycan Respublikası Prezidentinin üç Fərmanına və Nazirlər Kabinetinin üç Qərarına dəyişikliklər edilmişdir.
Həmçinin, aidiyyəti dövlət qurumlarının təklifləri nəzərə alınmaqla hazırlanmış “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı” və həmin planın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam layihəsi 34 dövlət qurumu ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formalarından müdafiəsi və şəxslərin insan alverinin qurbanına çevrilmə riskinin azaldılması məqsədilə hesabat ilində qabaqlayıcı tədbirlər gücləndirilmiş, maarifləndirmə işi, treninq və təlimlərin keçirilməsi nəzarətdə saxlanılmaqla icrası təmin edilmişdir.
Dövlət qurumları tərəfindən həyata keçirilən müvafiq tədbirlər kompleks və çoxsəviyyəli xarakter daşımış, həm coğrafi əhatə dairəsinə, həm də hədəf qruplarına görə əhəmiyyətli dərəcədə genişləndirilmiş, eyni zamanda risk qruplarının erkən mərhələdə məlumatlandırılmasına, hüquqi savadlılığın artırılmasına, bütövlükdə insan alveri ilə bağlı təhlükələrin qarşısının alınmasına yönəlmişdir.
Belə ki, xarici dövlətlərə əmək fəaliyyəti ilə məşğul olmaq üçün gedən şəxslərin, respublikanın ərazisindən tranzit istifadə edən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması məqsədilə aidiyyəti dövlət orqanlarına 3.400 maarifləndirici vəsait göndərilmişdir.
Təhsil sektoru üzrə həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər, Elm və Təhsil nazirliklərinin birgə planına uyğun olaraq insan alveri və məcburi əmək cinayətləri ilə bağlı gənclərin hüquqi biliklərinin artırılması məqsədilə 71 orta ixtisas təhsil müəssisəsində maarifləndirici seminarlar təşkil edilmişdir.
Çoxsektorlu iştirakçılıq prinsipi əsasında təşkil olunmuş bu tədbirlərə hüquq mühafizə orqanlarının əməkdaşları, media və vətəndaş cəmiyyətinin, qеyri-hökumət təşkilаtlаrının, yerli icra hakimiyyətlərinin, nəqliyyat, təhsil, səhiyyə, sosial müdafiə, məşğulluq mərkəzlərinin nümayəndələri və sahibkarlar cəlb olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ənənəvi və rəqəmsal platformalarda intensiv maarifləndirmə fəaliyyəti də həyata keçirilərək sosial media üzərindən 14 videoçarx (3-ü animasiya) və 7 poster yayımlanmış, əhali arasında 1.500 nüsxə flayer paylanılmışdır.
Bununla yanaşı, 3 uğur hekayəsi, 9 əlavə poster və 1 press-reliz hazırlanmış, DOST TV platformasında 13-dən çox ekspert müsahibəsi təşkil olunmuşdur (“Onlayn müfəttiş”, “Ekspert rəyi”, “Obyektiv”, “Qayğı” verilişlərində, “Onlayn müfəttiş” rubrikasında). Nazirlik tərəfindən müxtəlif platformalarda keçirilən 61 maarifləndirici görüşdə isə 2.500-dən çox şəxs birbaşa məlumatlandırılmışdır.
İnstitusional maarifləndirmə tədbirləri geniş ictimaiyyətin iştirakı ilə Ombudsman Aparatı tərəfindən də keçirilərək insan hüquqları, gender bərabərliyi, erkən nikah, məişət zorakılığı və insan alveri mövzularını əhatə etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 rayonda yerli icmalarla maarifləndirici görüşlər təşkil etmiş, eləcə də Göyçay rayonunda keçirilən tədbir regionlararası əməkdaşlığın nümunəsi kimi 7 inzibati ərazini əhatə etməklə müxtəlif dövlət və qeyri-dövlət subyektlərini bir araya gətirmişdir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində 10 inzibati ərazini əhatə edən 17 tədbir keçirilmiş, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi 16 təlim və seminarda isə 440 nəfər iştirak etmişdir.
İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti tərəfindən sosial şəbəkələrdə maarifləndirici postlar paylaşılmış, həmçinin insan alverinə qarşı mübarizəyə dair hazırlanmış videoçarx il boyu Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki monitorlarda yayımlanmışdır.
Dövlət Turizm Agentliyi və Səhiyyə Nazirliyi tərəfindən təşkil edilmiş tədbir və aksiyalarda “İnsan alverinə qarşı birlikdə! Təhlükəsiz səyahət - güvənli gələcək”, “Uşaq alveri”, “Uşaq susar, sən susma! Zorakılığa səssiz qalma!”, “Uşaq zorakılığına qarşı birgə mübarizə aparaq!” və “Məişət zorakılığına yox deyək!” mövzularında hazırlanmış 14.000 maarifləndirici buklet paylanmışdır.
Media və kommunikasiya istiqamətində fəaliyyətlər də xüsusi çəkisi ilə seçilmiş, ölkənin aparıcı (Xəzər, AZTV, ARB, ATV, Kanal S, Dünya TV, Mədəniyyət və s.) televiziya kanallarında yayımlanan 12 proqramda insan alverinə qarşı mübarizə mövzusu işıqlandırılmış, bu sahəyə aid gündəlik videoçarxlar nümayiş etdirilmişdir.
Medianın İnkişafı Agentliyinin dəstəyi ilə 56 media subyektində 184 material dərc edilmiş, Dövlət Reklam Agentliyi tərəfindən sosial platformalarda geniş auditoriyanı əhatə edən kampaniyalar, Mədəniyyət Nazirliyi tərəfindən isə 45-dən çox şəhər və rayonun mədəniyyət və təhsil müəssisələrində tədbirlər həyata keçirilmişdir.
Elm və Təhsil Nazirliyi tərəfindən 2024-2025-ci tədris ilində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil hüququnun təmin edilməsi məqsədilə respublikanın regionlarını əhatə edən 67 ümumi təhsil müəssisəsində inklüziv siniflər təşkil olunmuş və bu yanaşma insan alveri sahəsində sosial risklərin qarşısının alınmasına yönəlmiş preventiv alət kimi çıxış etmişdir.
Bakı şəhərində mütəmadi monitorinqlər də keçirilərək təhsildən yayınma hallarının sistemli şəkildə idarə olunması üçün risk qrupları üzrə vahid siyahı, eləcə də yerli təhsil və icra orqanlarına təqdim edilməsi məqsədilə uşaqlarla aparılacaq işlərin mərhələli ardıcıllığını əks etdirən metodiki təlimat hazırlanmışdır.
Eyni zamanda, məktəblərdə sosial risklərin erkən aşkarlanması, fərdi sosial-psixoloji dəstəyin göstərilməsi, ailələrlə işin sistemləşdirilməsi və uşaqların təhsil mühitində saxlanılması baxımından mühüm institusional potensial olan 1.342 sosial pedaqoq işə qəbul edilərək ölkə üzrə 1.020 ümumi təhsil müəssisəsinə təhkim olunmuşdur.
Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan vətəndaşlarının övladlığa götürdüyü uşaqların həyat şəraiti ilə bağlı 1.183, əcnəbilərin övladlığa götürdüyü azərbaycanlı uşaqların həyat şəraitinin öyrənilməsi üçün 26, himayədar ailələrə verilmiş uşaqların ailədəki sosial-psixoloji vəziyyətinin yoxlanılması məqsədilə 516 monitorinq aparılmış və hər hansı neqativ hal aşkar edilməmişdir.
Digər tərəfdən, 21 sosial xidmət müəssisəsi vasitəsilə həssas əhali qruplarından olan 3 mindən çox şəxsə xidmət göstərilmiş, əlilliyi olan 2 mindən çox şəxsə birdəfəlik maddi yardım verilmiş, həssas təbəqədən olan ailələrə 400 mənzil təqdim olunmuşdur.
Sosial sifarişlər çərçivəsində uşaqlar üçün 30 günərzi qayğı mərkəzi yaradılmış, “Təhsildə sosial iş” layihəsi çərçivəsində 1.140 ümumi təhsil müəssisəsində ilkin və təkrar monitorinqlər aparılmışdır.
Uşaqlar arasında risk faktorlarının aşkarlanması məqsədilə onlardan 1.392 nəfəri böhran vəziyyətinin qiymətləndirilməsinə cəlb edilmişdir.
Şəxsiyyət vəsiqəsi olmayan uşaqların sənədləşdirilməsi və doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks profilaktik və hüquqi tədbirlər də davam etdirilərək 9 uşağın doğum faktının müəyyən edilməsi təmin olunmuşdur. Məhkəmə qərarları əsasında onlara doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilmiş və hər bir uşaq fərdi identifikasiya nömrəsi ilə təmin olunmuşdur.
Hesabat dövründə insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilmiş təlim, tədris proqramları və ixtisasartırma tədbirləri də sistemli xarakter daşımaqla hüquq mühafizə, miqrasiya, ədliyyə, səhiyyə, turizm, diplomatik xidmət və digər sahələri əhatə etmiş, ümumilikdə 2.000-dən artıq iştirakçının peşə hazırlığının artırılmasına yönəlmişdir.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 100-dən çox kursant, 20 şəhər və rayon polis orqanının rəhbər vəzifəli şəxsləri, həmçinin 84 polis orqanının 1.800-ə yaxın əməkdaşı insan alveri və məcburi əmək cinayətləri, onların transmilli mütəşəkkil cinayətkarlıqla əlaqəsi, bu cinayətlərin digər hüquq pozuntularından fərqləndirilməsi və qurbanların müəyyən edilməsi mövzularında ixtisaslaşdırılmış təlimlərə cəlb olunmuşdur.
Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən “Miqrasiya məktəbi-7” layihəsi çərçivəsində 38 nəfərə insan alveri risklərinin müəyyən edilməsi və miqrasiya proseslərində profilaktik yanaşmalar üzrə təlim keçirilmişdir.
Səhiyyə sektorunda isə 200-dən artıq tibb və qeyri-tibbi heyət, 612 terapevt (25 kurs, 94 saat), 10 həkim-psixiatr və psixoloqlar üçün insan alveri qurbanlarının aşkarlanması, psixososial dəstək və müdafiə mexanizmləri üzrə təlimlər təşkil olunmuş, habelə TƏBİB-in və Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə üç iri tibb müəssisəsində sahəvi təlimlər baş tutmuşdur.
Ədliyyə Akademiyası tərəfindən keçirilən ixtisasartırma kurslarında 303 nəfər iştirak etmiş, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində qulluğa yeni qəbul olunmuş 107 əməkdaş, habelə namizədlər üçün insan hüquqlarının müdafiəsi və insan alveri cinayətlərinin ictimai təhlükəliliyi mövzularında icbari hazırlıq kursu təşkil edilmişdir.
Həmçinin, turizm sahəsində aidiyyəti dövlət qurumunun 50-dən çox təmsilçisi insan alverinə qarşı mübarizə, preventiv tədbirlər və beynəlxalq əməkdaşlıq mexanizmləri üzrə maarifləndirici təlimlərə cəlb olunmuşdur.
Bu mövzuda təlimlərdə Qeyri-hökumət Təşkilatları Koalisiyasının 19 və peşə təhsili müəssisələrinin 200-ə yaxın nümayəndəsi də iştirak etmişdir.
İnsan alverinə qarşı mübarizə üzrə Qeyri-hökumət təşkilatları Koalisiyasının üzvü olan “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyi isə müvafiq sahədə fəaliyyətin daha səmərəli təşkilinə, bilik və bacarıqların artırılmasına xidmət edən bir sıra metodiki vəsaitlər hazırlamışdır ki, bu sırada “İnsan alverinə qarşı mübarizədə rəqəmsal monitorinq üçün Təlimat”, “İnsan alverinə qarşı mübarizə üzrə Milli Təlim Modulu” və “İnsan alveri ilə mübarizədə monitorinq meyarları” mövzularında nəşrlər xüsusi vurğulanmalıdır.
İnsan alverinə qarşı mübarizədə görülmüş işlərin ictimaiyyətə çatdırılması da qarşıda duran vəzifələrdən olmaqla müvafiq fəaliyyətə dair 31 məlumаt İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsinə yеrləşdirilmişdir (www.insanalveri.gоv.аz).
Təbliğat işində, o cümlədən insan alverinin potensial qurbanlarının maarifləndirilməsində, sosial reabilitasiyasında, onlara hüquqi yardımın göstərilməsində, qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilində qeyri-hökumət təşkilatlarının təqdim etdikləri və ümumi dəyəri 159 min manat olan 10 layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilmiş, eyni zamanda insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə 70 min 487 manat vəsait ayrılmışdır.
İnsan alverinə qarşı mübarizədə hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi, rəqəmsal platformalar üzərindən törədilən cinayətlərin qarşısının alınması, məlumat mübadiləsinin gücləndirilməsi, regional və qlobal təşəbbüslərdə iştirak, eləcə də ölkəmizin mövqeyinin beynəlxalq təşkilatların hesabatlarında və beynəlxalq reytinqlərdə öncül sıralarda qərarlaşması daim diqqətdə saxlanılmışdır.
Belə ki, ixtisaslaşmış bеynəlхаlq qurumların və xarici ölkələrin Аzərbаycаndаkı səfirliklərinin nümayəndələri ilə infоrmаsiyа və təcrübə mübadiləsi aparılmış, insan alverinə qarşı mübarizədə dövlətin ortaya qoyduğu siyasi iradə, bu sahədə əldə edilən tərəqqi və inkişaf tərəfdaşlara çatdırılmış, habelə keçirilən görüşlər zamanı əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Belarus, Ukrayna, Almaniya, İraq və digər ölkələrin insan alverinə qarşı mübarizə sahəsində təcrübələri də öyrənilərək qanunvericilik, cinayət təqibi, qurbanların müdafiəsi və reabilitasiyası sahələri üzrə fəaliyyətdə nəzərə alınmışdır.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında “İnsan alveri hallarının qarşısını almaq məqsədilə özəl işədüzəltmə şirkətlərinin fəaliyyətinə nəzarət edilməsi ilə bağlı Tərəflərin səylərinin gücləndirilməsi” sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Amerika Birləşmiş Ştatlarının Dövlət, Ədliyyə və Əmək departamentlərinin, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA), “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası Katibliyinin ölkəmizlə bağlı hesabatlarına əsaslandırılmış şərhlər verilmiş, sorğuları cavablandırılmışdır.
Xüsusi polis qurumunun əməkdaşları müxtəlif xarici təşkilatların həyata kеçirdikləri layihələr çərçivəsində Fransa, İspaniya, Malta, Macarıstan, Avstriya, Moldova respublikalarına ezam olunaraq təcrübə mübadiləsi aparmışlar.
Beynəlxalq Əmək, Beynəlxalq Miqrasiya və “Walk Free” təşkilatlarının birgə hazırladığı “Modern Köləliyin Qlobal Qiymətləndirməsinə dair (2022)” son hesabatda müasir köləlik vəziyyətində yaşayan təxminən 50 milyon insandan 27,6 milyonunun məcburi əməyə cəlb olunduğu və son illərlə müqayisədə məcburi əməyin miqyasının əhəmiyyətli dərəcədə artaraq qurbanlarının sayının 10 milyon nəfərə yüksəldiyi vurğulanmışdır.
Bu baxımdan, ötən il imzalanmış və məcburi əməyin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Respublikası ilə Beynəlxalq Əmək Təşkilatı arasında 2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əsas məqsədi – ölkədə məşğulluq imkanlarının genişləndirilməsi, əmək münasibətlərinin təkmilləşdirilməsi və sosial müdafiə sisteminin gücləndirilməsi olmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi tərəfindən 189.000 nəfərin işlə təmin olunması, işsiz kimi qeydiyyata alınmış 10.800 şəxsə sığorta ödənişinin təyin edilməsi, 6.964 nəfərin haqqı ödənilən ictimai işlərə, 1.763 nəfərin əmək haqqının birgə maliyyələşdirilməsi proqramına, 16.827 nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi və digər tədbirlər – şəxslərin məcburi əməyin qurbanına çevrilmə riskinin profilaktikasında əhəmiyyətliliyini təsdiqləmişdir.
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsində 18.368 nəfərin Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək bazarının tələblərinə cavab verən peşə və ixtisaslar üzrə hazırlıq kurslarına cəlb olunması da qeyd edilməlidir.
Müvafiq sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində keçirilmiş 39 səyyar yoxlama zamanı 1.047 işçidən 75-nin əmək münasibətlərinin müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən fəaliyyətə cəlb olunduğu aşkarlanmışdır. Nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilmiş, daha 18-i haqqında ümumilikdə 92.200 manat məbləğdə inzibati cərimə tətbiq edilmişdir.
Dövlət Əmək Müfəttişliyi Xidməti aidiyyəti qurumlardan daxil olmuş materialların araşdırılması zamanı işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlayaraq aidiyyəti vəzifəli şəxslərə 6.000 manat, həmçinin uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi ilə bağlı 1 fakta görə 3.300 manat məbləğdə inzibati cərimə tətbiq etmişdir.
Bundan əlavə, ixtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 (sabit) məcburi əmək faktı müəyyən edilərək cinayət işi başlanılmış və aparılmış prosessual araşdırmalarla zərərçəkmiş şəxsin Monteneqroda tikinti sektorunda istismar edildiyi məlum olmuşdur.
Uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı isə ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan 936 uşaq və buna şərait yaradan 511 valideyn aşkarlanmışdır.
Nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 510 material göndərilmiş, 32 valideyn inzibati məsuliyyətə cəlb edilərək polis nəzarətinə götürülmüş, habelə uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi faktı müəyyən edilməmişdir.
İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 198 (-8; onlardan 57-i informasiya texnologiyalarının tətbiqi ilə törədilib), o cümlədən 152 (-9) insan alveri, eləcə də insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 45 (+1) cinayət müəyyən edilmişdir.
İnsan alveri cinayətlərinin 97 faizi açılmış, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilmişdir.


Həmin hüquqazidd əməllərlə əlaqədar 10 (-5) cinayət işi başlanılmış (bir cinayət işinin istintaqı çərçivəsində 20-dək faktın istintaqı aparılıb), 8 cinayət işi üzrə 10 şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb olunmuş, 12 nəfər (11-i qadın) məhkəmə məsuliyyətinə verilmişdir.
Məhkəmələr tərəfindən 14 insan alverçisi (2-i keçmiş illərdən olmaqla 4 kişi, 10 qadın, onlardan 3-ü şərti) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
İnsan alveri (15), seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 (+1) təqsirləndirilən şəxsdən 15-i (-1), o cümlədən 3 (sabit) insan alverçisi tutulmuşdur.
Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 (-1) şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir (onlardan 7-nin Türkiyədə, 1-nin Pakistanda, 1-nin Rusiya Federasiyasında, 1-nin Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal olunur).
Hesabat ilində müəyyən edilmiş 46 (-45) insan alveri qurbanının hamısı Azərbaycan Respublikasının vətəndaşı olmaqla (qadınlar) 33-ü Türkiyə Respublikasında, 10-u Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Pakistan İslam Respublikasında cinsi istismara məruz qalmışdır.
Qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olmuşdur.
Zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlərin görülməsi də diqqətdə saxlanılmış, hər birinə 700 manat məbləğdə birdəfəlik müavinət ödənilmişdir. Onların hamısı Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (HİV, AİDS, CYÖX, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi yardımlarla və zəruri geyimlə təmin olunmuşdur.
Daha 16 qurban pеşə kurslаrınа yönəldilmiş, 9 qurbanın işlə, 6-nın şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində, 1 qurbanın tibb müəssisəsində müalicə və 11 qurbanın ünvanlı sosial yardım almasında, 23 qurbanın isə аilələrinə qаyıtmasında köməklik еdilmişdir.
Qeyri-Hökumət Təşkilatlarına istiqamətləndirilmiş 45 insan alveri qurbanından 12 nəfərinə “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin, 8-nə “Təmas Regional İnkişaf” İctimai Birliyinin sığınacaqlarında, 8-nə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyində, 10-na “XXI Əsrin Qadınları” İctimai Birliyində, 7-nə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyində lazımi sosial xidmətlər göstərilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanlarına Yardım Mərkəzinə istiqamətləndirilmiş 41 qurbandan 22-i psixoloji, 5-i hüquqi yardım almış, 2 nəfər işlə təmin olunması və 5 nəfər peşə kursuna cəlb edilməsi üçün Dövlət Məşğulluq Agentliyinə yönləndirilmişdir.
Qurbаnlаrın uşаqlаrı dа diqqətdə sахlаnılaraq 11 nəfəri tədris ləvаzimаtlаrı ilə təmin еdilmiş, 5-i məktəbəqədər təhsil proqramına cəlb olunmuş, 11-nə doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi alınmasında, 8 uşağın isə аlimеntlə təmin оlunmаsındа köməklik göstərilmişdir.
Vəkillər Kоllеgiyаsının üzvü olan müdafiəçilər tərəfindən 69 insan alveri qurbanının məhkəmə baxışında və 24 qurbanın istintaq prosesində hüquqları qorunmuş, habelə Daxili İşlər Nazirliyinin müvafiq Kömək Fоndunun hesabına insan alverindən zərər çəkmiş 40 və insan alverindən zərər çəkməsi ehtimal olunan 5 şəxsə 3.350 manat məbləğdə maddi yаrdım edilmişdir.
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.1-ci maddəsinə əsasən 7 insan alveri qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilmişdir. Qurbanların vaxtında müəyyən edilməsi, hüquqlarının və məxfiliyinin qorunması, təhlükəsiz mühitdə yerləşdirilməsi, tibbi, psixoloji və hüquqi yardımlar alması, cəmiyyətə reinteqrasiyası prosesinin planlı və məqsədyönlü həyata keçirilməsi, potensial qurbanların və ya şahidlərin anonimliyinin qorunması, risk qrupuna aid şəxslərin müdafiəsi də təmin edilmişdir.
Ötən il “152” qaynar xəttinə xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı daxil olmuş 10.490 (+236) müraciət araşdırılaraq təşəbbüskarlara zəruri izahlar verilmişdir.
Təhlil və araşdırmalar göstərir ki, insan alveri əsasən yoxsulluq və işsizliyin, təhsil və məlumat azlığının, korrupsiya və gender bərabərsizliyinin, silahlı münaqişələrin və dərin sosial-iqtisadi problemlərin mövcud olduğu regionlarda formalaşır, ucuz işçi qüvvəsinə tələbat olan, kommersiya məqsədli cinsi xidmətlərin qanuni fəaliyyət kimi qəbul edilən ölkələrdə isə istismar mərhələsində davam edir.
Lakin Azərbaycanda milli və mənəvi dəyərlərin hər zaman üstün tutulması, ailə institutunun möhkəmliyi, ictimai məsuliyyət, dövlət tərəfindən hüquqi, iqtisadi, sosial, təhsil və təhlükəsizlik sahələrində həyata keçirilən kompleks tədbirlər – insan alverinə qarşı mübarizədə mühüm sosial dayaq rolunu oynayır və təsadüfi deyil ki, insan alveri cinayəti ölkəmizdə qeydə alınan cinayətlərin heç bir faizini belə təşkil etmir (0,6 faiz).
Qeyd edilənlər onu deməyə əsas verir ki, insan alveri Azərbaycan üçün xarakterik hüquqazidd əməl deyil.
Bununla belə, insan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin davamlı surətdə təkmilləşdirilməsi, müvafiq sahədə preventiv tədbirlərin, habelə həmin cinayətlərdən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya potensial qurban hesab edilən uşaqların müdafiəsinin gücləndirilməsi, effektiv cinayət təqibinin təmin edilməsi, qurbanların sosial reabilitasiyası, hüquqlarının müdafiəsi və cəmiyyətə reinteqrasiyası, aidiyyəti dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın inkişaf etdirilməsi, aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının təmsilçiləri üçün ixtisaslaşmış peşə hazırlığının təşkili, maarifləndirmə işlərinin genişləndirilməsi və mövcud resursların səmərəli əlaqələndirilməsi – qarşıda duran vəzifələr olmaqla növbəti Milli Fəaliyyət Planı çərçivəsində aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə yerinə yetiriləcəkdir.
Ümumən, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizədə həyata keçirilən səmərəli dövlət siyasətinin nəticəsi olaraq bu cinayətin geniş yayılmasının qarşısı alınmış və müvafiq istiqamətdə effektiv mexanizmlər formalaşdırılmışdır.
Hazırda qabaqlayıcı və dayanıqlı yanaşma əsasında gələcək risklərin minimallaşdırılması və əldə olunmuş müsbət nəticələrin davamlılığının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48