Avropa Şurası Konvensiyasının Tərəflər Komitəsinin növbəti iclası keçirilib

12.03.2025

2025-ci ilin 4-6 mart tarixlərində Fransa Respublikasının Strasburq şəhərində “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının iştirakçısı olan dövlətlərin nümayəndələrindən ibarət Tərəflər Komitəsinin (Lanzarote Komitəsi) 44-cü iclası keçirilib.
Tədbirə Avropa Şurasının qeyd olunan konvensiyasını ratifikasiya etmiş 48 dövlətdən olan nümayəndələr qatılıb.
Azərbaycan Respublikasından Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi və Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi aparatının rəhbəri tədbirdə iştirak ediblər.
İclasda Konvensiyanın ölkələrin daxili qanunvericiliklərinə implementasiyası və Konvensiyadan irəli gələn öhdəliklərin icrası ilə bağlı iştirakçı dövlətlərə verilmiş sorğular nəticəsində əldə edilmiş məlumatlar əsasında Katiblik tərəfindən hazırlanmış hesabat təqdim edilib, hesabatla bağlı vacib məqamlar iştirakçıların nəzərinə çatdırılıb. Qeyd olunan hesabatlarla bağlı ölkələr üçün tövsiyələr təqdim olunub, bütün tövsiyələr ayrı-ayrılıqda müzakirə edilib.
Azərbaycan Respublikasının nümayəndələri tərəfindən ölkəmizlə bağlı məqamlara və tövsiyələrə münasibət bildirilib.
Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə Üzrə Ekspertlər Qrupunun (GRETA) nümayəndəsi uşaqların cinsi zorakılığı və cinsi istismarına qarşı fəaliyyət zamanı qeyd olunan qrup tərəfindən görülmüş işlər barədə təqdimat edib. Tərəflər Komitəsi tərəfindən Konvensiyanın icrası ilə bağlı 2025-ci ilin 30 iyun – 1 iyul tarixlərində keçirilməsi planlaşdırılan Nazirlər Konfransının və Komitənin 2025-ci ilin 2-4 iyul tarixlərinə nəzərdə tutulan növbəti iclasının gündəlikləri müzakirə edilib.

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48