Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun 5 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində insan alverinə qarşı mübarizəyə dair 2022-ci il üzrə illik məlumatı dinlənilmişdir

15.05.2023

2022-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair bu məlumat “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır.

Məlumatda insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumunun, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Baş Prokurorluğunun, 28 mərkəzi və 52 yerli icra hakimiyyəti orqanının, Ombudsman Aparatının, aidiyyəti beynəlxalq təsisatların müvafiq sahəyə aid təhlilləri və fəaliyyətlərinin nəticələri nəzərə alınmışdır.

Birləşmiş Millətlər Təşkilatının cari ilin yanvar ayında açıqladığı 7-ci Qlobal Hesabatından görünür ki, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan insan alverinə demək olar ki, bütün dövlətlərdə və regionlarda rast gəlinmiş, habelə son 20 ildə ilk dəfə olaraq aşkarlanan qurbanların və cinayət təqibinin sayında azalma müşahidə edilmişdir.

İlk baxışdan bu azalma müsbət təmayül kimi görünsə də, əslində pandemiya dövründə tətbiq edilən məhdudiyyətlərdən irəli gəlmiş və nəticədə hüquq mühafizə orqanlarının insan alveri qurbanlarını proaktiv üsullarla müəyyənləşdirməsini çətinləşdirərək 28 faizə endirmişdir.
Bununla belə, Avropa ölkələrinin müvafiq sahəyə aid statistikası xeyli fərqli olmaqla cinsi istismarın qurbanlarının aşkarlanmasında azalma, məcburi əmək qurbanlarının sayında isə artım müşahidə edilmişdir.
İnsan alveri cinayətinə görə məhkum olunanların sayında da dəyişiklik qeydə alınmış və müvafiq əməllərə görə məhkum edilmiş şəxslərin sayı Cənubi Asiya üzrə 56 faiz, Mərkəzi Amerika və Karib hövzəsi üzrə 54 faiz, Cənubi Amerikada 46 faiz azalmışdır.
Azərbaycanda diqqətlə izlənilən bu proseslər də nəzərə alınaraq insan alverinin qarşısının alınması, şəxsiyyətin və cəmiyyətin qanuni mənafelərinin həmin hüquqazidd əməllərdən müdafiəsi ilə bağlı tədbirlər “İnsan alverinə qarşı mübarizə üzrə 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində hesabat ilində məqsədyönlü şəkildə davam etdirilmişdir.
Qanunvericilik
“İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının implementasiyası ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 144-4-cü (insan alveri qurbanının xidmətindən istifadə etmə), “İnsan alverinə qarşı mübarizə haqqında” Qanununa 21.1-1-ci (şəxsin insan alverinin qurbanı olduğunu bilə-bilə onun istismarından irəli gələn xidmətlərindən insan alverçisi olmayan şəxs tərəfindən istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur) və 21.1-2-ci (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur) maddələrin əlavə edilməsi haqqında Qanun layihələri və Cinayət Məcəlləsinin 144-4-cü maddəsi üzrə istintaq aparan orqanın müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə Azərbaycan Respublikasının iki Qanununa, Azərbaycan Respublikası Prezidentinin bir Sərəncamına və Nazirlər Kabinetinin dörd Qərarına edilmiş dəyişikliklərlə:
- Milli Koordinator yanında İşçi Qrupun hüquqi statusu “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda təsbit edilmiş;
- “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”na İdarələrarası komissiyanın üzvləri olan dövlət qurumlarının rəhbər müavinlərinin və komissiyanın tərkibinə daxil ediləcək qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə seçilməsi, beynəxalq təşkilatların Azərbaycan nümayəndəliklərinin komissiyanın işinə cəlb edilməsi, komissiyanın fəaliyyətinin illik iş planı əsasında həyata keçirilməsi və digər məsələlər əlavə olunmuş;
- “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması məqsədilə onların xidmət sektorundakı fəaliyyəti ilə bağlı ölkədaxili vəziyyətin təhlil edilməsi” İdarələrarası komissiyanın funksiyalarından biri kimi nəzərdə tutulmuşdur;
Həmçinin, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın və “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın icrasına məsul olan qurumların siyahısı, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları” aidiyyəti normativ hüquqi aktlara uyğunlaşdırılmışdır.
“Dövlət qurumları əməkdaşlarının insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan uşaqlarla ünsiyyət, müvafiq işlərin və zərər çəkmiş uşaqların aidiyyəti üzrə təqdim edilməsinə” və “İnsan alverinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətinin təşkilinə” dair metodiki vəsaitlər hazırlanıb aidiyyəti üzrə təqdim edilmişdir.

Profilaktika, maarifləndirmə, təlim və treninqlər
Milli Fəaliyyət Planında təsbit edilmiş maarifləndirmə, ölkəyə turist kimi gələn şəxslərin mənafelərinin qorunması, medianın monitorinqi, erkən nikahların qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, övladlığa götürülmüş, qəyyumluğa yaxud himayəyə verilmiş uşaqların ailələrinə nəzarət, dövlət uşaq müəssisələrinin məzunlarına sosial-hüquqi və sosial-psixoloji xidmətlərin göstərilməsi, treninqlərin və təlimlərin keçirilməsi və s. zəruri tədbirlərin yerinə yetirilməsi nəzarətdə saxlanılmış və təmin edilmişdir. Xarici dövlətlərə əmək fəaliyyəti ilə məşğul olmaq üçün gedən şəxslərin, ölkə ərazisindən tranzit istifadə edən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması məqsədilə aidiyyəti dövlət orqanlarına 14.000 maarifləndirici vəsait göndərilmişdir.
Dахili İşlər və Elm və Təhsil nаzirliklərinin birgə tədbirlər planına uyğun olaraq insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı şəhər və rayonlarda fəаliyyət göstərən 36 orta-ixtisas təhsil müəssisəsində mааrifləndirici sеminаrlаr kеçirilmiş və həmin tədbirlərə 29 rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, gənclər, media və vətəndaş cəmiyyətinin nümayəndələri, qеyri-hökumət təşkilаtlаrı, yerli icra hakimiyyətlərinin, nəqliyyat, təhsil, səhiyyə, sosial-müdafiə, məşğulluq mərkəzlərinin işçiləri və sahibkarlar cəlb olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı, Gəncə, Şəki, Bərdə regional “ASAN” və “DOST” xidmət mərkəzlərində insan alverinin qarşısının alınması mövzusunda maarifləndirici görüşlər və tədbirlər keçirilmişdir.
Azərbaycan Respulikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı tərəfindən “Uşaq Hüquqları Aylığı”, Elm və Təhsil Nazirliyi tərəfindən “Məktəblinin dostu” layihəsi çərçivəsində ümumilikdə 2.000-ə yaxın şagirdə “Uşaqların əmək hüququ” mövzusunda təlimlər təşkil edilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “İnsan alveri və məcburi əməyə YOX deyək!” mövzusunda Elm və Təhsil Nazirliyi ilə birgə universitetlərdə tədbirlər keçirmiş, habelə televiziya kanallarında, Komitənin sosial şəbəkə hesablarında və rəsmi veb saytında “İnsan alverinə biganə qalma!” adlı videorolik yayımlamışdır.
Mədəniyyət Nazirliyinin və tabeliyindəki qurumların təşkilatçılığı ilə Azərbaycanın 45-dən çox şəhər və rayonunun mədəniyyət mərkəzlərində insan alverinə qarşı mübarizəyə dair maarifləndirici tədbirlər də baş tutmuşdur.
Respublikada turizmin inkişafı fonunda insan alverinin artan risklərinin qarşısının alınması və bu sahədə tərəfdaşlığın gücləndirilməsi məqsədilə “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyi tərəfindən dəyirmi masa təşkil olunmuşdur.
Bakı şəhərində uşaqların icbari təhsildən yayınması və baxımsızlığı ilə bağlı mütəmadi monitorinqlər də aparılmışdır. Həmin tədbirlər zamanı 91 şagirdin icbari təhsildən yayınması aşkarlanaraq valideynləri xəbərdarlıq edilməklə dərsə davamiyyətləri təmin olunmuşdur.
Respublikanın rayonlarını da əhatə edən bu qəbildən tədbirlərlə sosial həssas ailələrin və həmin ailələrdə olan uşaqların siyahısı hazırlanmış, onların təhsildən yayınmasının, qanunsuz əməllərə təhrik edilməsinin və məcburi əməyə cəlb olunmasının qarşısının alınması məqsədilə hər biri ilə fərdi profilaktik iş aparılmışdır.
Eyni zamanda, Azərbaycan vətəndaşları tərəfindən övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı 1.215, əcnəbilərin övladlığa götürdüyü azərbaycanlı uşaqların həyat şəraitinin öyrənilməsi üçün 21 monitorinq aparılmış və həmin ailələrdə hər hansı neqativ hal aşkarlanmamışdır.
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət uşaq müəssisələrinin məzunları olan 21 gənc Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məzun evi”ndə mənzillə təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə beynəlxalq təşkilatlar və yerli qeyri-hökumət təşkilatları ilə birgə internat məktəblərinin məzunları üçün biznesin başlanğıcı, müstəqil yaşamaq bacarıqlarının aşılanması mövzuları üzrə təlimlər keçirmiş, habelə sosial müdafiəyə ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqları peşə kurslarına cəlb etmişdir.
Hesabat ilində ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olmuş valideyn himayəsindən məhrum 994 tələbənin təhsil haqqı dövlət vəsaiti hesabına ödənilmiş və hər birinə müvafiq sənədlərin toplanmasında lazımi köməkliklər göstərilmişdir.
Sosial Xidmətlər Agentliyi tərəfindən baxımsız və sosial təhlükəli vəziyyətdə olan 522 uşaqla aparılan ilkin qiymətləndirmə nəticəsində onlardan 107 nəfərinə fərdi profilaktik iş açılmış, eləcə də ehtiyacları müəyyənləşdirilərək sosial-iqtisadi, sosial-psixoloji, sosial-pedaqoji, tibbi-sosial və sosial-hüquqi xidmətlər göstərilmişdir.
İnsan alverinə qarşı mübarizədə fəaliyyət göstərən məsul şəxslərə təlimlərin (ixtisaslaşmış peşə hazırlığının) keçirilməsinə də önəm verilmişdir. Bu məqsədlə 50 şəhər, rayon polis orqanının rəhbər vəzifəli 156 əməkdaşı ixtisaslaşmış peşə hazırlığı təlimlərinə, 76 polis orqanının 500-ə yaxın məsul əməkdaşı isə “İnsan alveri və məcburi əmək cinayətləri – transmilli mütəşəkkil cinayətkarlığın növü kimi”, “İnsan alveri cinayəti ilə ictimai mənəviyyat əleyhinə olan cinayətlərin fərqləndirilməsi”, “İnsan alveri qurbanlarının müəyyən edilməsi” mövzularında virtual təlimlərə cəlb olunmuşdur.
Bundan əlavə, Ədliyyə Akademiyası tərəfindən 46 hakim, 2 prokuror, 38 vəkilə distant təlimlər keçirilmiş, hakimliyə, prokurorluq orqanlarında qulluğa, Vəkillər Kollegiyasının üzvlüyünə və Penitensiar xidmətə qəbul edilmiş 193 namizədin tədris kursları proqramına insan alverinə qarşı mübarizəyə dair mövzular daxil edilmişdir.
Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına insan alverinə qarşı effektiv mübarizə tədbirləri, preventiv tədbirlər və bu istiqamətdə qarşıya çıxa biləcək digər məsələlərlə bağlı; Elm və Təhsil Nazirliyi tərəfindən Ali təhsil müəssisələrində tələbələrə “Cinsi istismar”, “Məcburi əmək”, “Borca görə köləlik”, “Uşaq əməyinin istismarı”, “İnsan alveri məqsədilə orqan transplantasiyası”; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaq əməyinin qarşısının alınması”, “İnsan alverinin uşaq qurbanlarının aşkarlanması”; Dövlət Miqrasiya Xidməti tərəfindən “İnsan alverinə qarşı mübarizə və qurbanların müdafiəsi”, “İnsanların istismar edilməsinin digər formaları”, “İnsan alveri və ondan müdafiə”, “İnsan alveri qurbanlarının müəyyən edilməsi”; Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti hərbi qulluqçular üçün “İnsan alverinin və məcburi əməyin qurbanlarının, o cümlədən miqrantların müəyyənləşdirilməsi”; Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesi nümayəndələrinə “İnsan alverinin və məcburi əməyin qurbanı olan şəxslərin, o cümlədən miqrantların müəyyən edilməsi, onların müdafiəsi, bu növ işlərin araşdırılması və baxılması zamanı məsələyə daha çox qurbanın müdafiəsi baxımından yanaşılması”; “APA Media Group” tərəfindən media mənsubları üçün “İnsan alveri ilə mübarizədə birgə iştirak”; Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN” xidmət mərkəzlərinin könüllülərinə “İnsan alverinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları”, “Potensial qurbanlara ilkin yardım və xidmətlər”, “Qaynar xətt” və “Qurbanların müəyyən edilmə üsulları” mövzularında təlimlər keçirilmişdir.
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı tərəfindən BMT-nin İnsan Hüquqları Ali Komissarlığı ilə birgə vəkillərin, hüquqşünasların, QHT nümayəndələrinin iştirakı ilə insan alverinə qarşı mübarizəyə dair təlimlər, habelə erkən nikahların qarşısının alınması və bu sahədə məlumatlılığın artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bələdiyyələrin 190 təmsilçisinin iştirakı ilə tədbir təşkil edilmişdir.
Milli Fəaliyyət Planına uyğun olaraq ölkənin bütün inzibati ərazi vahidlərinin icra nümayəndəlikləri tərəfindən doğum barədə məlumatların “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə ötürülməsi üçün müvafiq texniki imkanların yaradılması və bu sistemə 1.389 nümayəndəliyin qoşulması – respublikada doğumların vaxtında qeydə alınmasını və əhatəliliyini təmin etmişdir. Nəticədə 2022-ci ildə 5.381 uşaq səyyar qaydada doğum evlərində dövlət qeydiyyatına alınmışdır.
Eyni zamanda, qeydiyyat şöbələrinin və onların bu işə cəlb etdikləri icra nümayəndəliklərinin birgə fəaliyyəti ilə əvvəlki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 926 uşağın doğum faktı müəyyənləşdirilib qeydə alınmışdır.
Qarşıda duran vəzifələrdən biri də insan alverinə qarşı mübarizədə görülmüş işlərin ictimaiyyətə çatdırılması olmuşdur.
Sözügedən cinayətlərlə mübarizənin nəticələri, informativ, təşkilati və hüquqi əsasları, keçirilən görüşlər, insan alverinin qurbanları üçün sığınacaq, “Qaynar xətt”, Kömək Fondu və s. barədə məlumatlar azərbaycan və ingilis dillərində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində yerləşdirilmiş, həyata keçirilən tədbirlər və əldə edilən nəticələr mediada işıqlаndırılmışdır.
Təbliğat işində, o cümlədən insan alverinin potensial qurbanlarının maarifləndirilməsində, sosial reabilitasiyasında, onlara hüquqi yardımın göstərilməsində, qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilində qeyri-hökumət təşkilatlarının fəaliyyəti də səmərəli olmuşdur. Onlardan təşəbbüskarlığı ilə seçilən 17 müvafiq qurum Daxili İşlər Nazirliyi tərəfindən pul ilə (ümumilikdə 22 min manat) və diplomlarla mükafatlandırılmış, təqdim etdikləri ümumi dəyəri 72 min 500 manat olan 8 layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilmiş, habelə insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə 106 min manat vəsait ayrılmışdır.
Beynəlxalq əməkdaşlıq
İnsan alverinə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edən beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq təşkilatların hesabatlarında və beynəlxalq reytinqlərdə yaxşılaşdırılması daim diqqətdə saxlanılmışdır.
Belə ki, ixtisaslaşmış bеynəlхаlq qurumların və xarici ölkələrin Аzərbаycаndаkı səfirliklərinin nümayəndələri ilə infоrmаsiyа və təcrübə mübadiləsi aparılmış, həmçinin Amerika Birləşmiş Ştatlarının Dövlət, Ədliyyə və Əmək departamentlərinin, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (QRETA) və digərlərinin tövsiyələri, sorğuları cavablandırılmışdır.
İnsan alveri probleminin həlli ilə bağlı dövlətin ortaya qoyduğu siyasi iradə, bu sahədə əldə edilən tərəqqi və əməkdaşlıq perspektivləri Beynəlxalq Miqrasiya Təşkilatının və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı nümayəndəliklərinin, Böyük Britaniyanın Milli Cinayət Agentliyinin, İtaliya Respublikası paytaxtının Kriminal Təhqiqat və Kibercinayətkarlıq İdarəsinin, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (QRETA), Beynəlxlaq Əmək Təşkilatının və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təmsilçiləri ilə görüşlərdə müzakirə edilmişdir.
Xüsusi polis qurumunun əməkdaşları müxtəlif xarici təşkilatlar tərəfindən həyata kеçirilən layihələr çərçivəsində Amerika Birləşmiş Ştatlarına, Avstriya, Rumıniya, Macarıstan və Özbəkistan respublikalarına ezam olunaraq təcrübə mübadiləsi aparmışlar.
Əldə edilmiş müsbət nəticələr ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair 2022-ci ildə yayımladığı hesabatda nəzərə alınmış Azərbaycan bir pillə irəliləməklə 2-ci sıra ölkələr siyahısında yer tutmuş, habelə qanunvericilik, cinayət təqibi, qurbanların müdafiəsi, sığınacağın maliyyələşdirilməsi və əməkdaşlıq sahəsində fəaliyyət təqdir edilmişdir.
Bununla bərabər, Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsi üçün İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (QRETA) ötən il ölkəmizdə qanunvericilik, icra və məhkəmə hakimiyyətini təmsil edən 39 dövlət qurumunun 67 nümayəndəsi ilə keçirdiyi görüşlər də uğurlu olmuş və qarşı tərəf müvafiq sahədə əlaqəli fəaliyyətin nəticələrini yüksək qiymətləndirmişdir.

Məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər
Məcburi əməyin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi, bu növ cinayətlərə şərait yaradan halların aradan qaldırılması ilə bağlı Milli Fəaliyyət Planında təsbit olunmuş vəzifələr ardıcıllıqla yerinə yetirilmişdir.
Məcburi əmək hallarının profilaktikasının effektli təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən 2.357 nəfərin işlə təmin olunması, işsiz kimi qeydiyyata alınmış 502 şəxsə sığorta ödənişinin təyin edilməsi, 36 nəfərin sosial iş yerlərinə, 327 nəfərin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi və 1.066 yeni iş yerinin açılması – şəxslərin məcburi əməyin qurbanına çevrilmə riskinin azalmasında əhəmiyyətli olmuşdur.
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsində 4.019 nəfərin Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək bazarının tələblərinə cavab verən peşə və ixtisaslar üzrə hazırlıq kurslarına cəlb olunması da xüsusi qeyd edilməlidir.

Müvafiq sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən keçirilmiş yoxlamalarla 55 tikinti obyektində 75 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlədiyi aşkarlanmışdır. Nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilmiş, daha 14-ü haqqında ümumilikdə 186.500 manat məbləğdə inzibati cərimə tətbiq edilmişdir.
Bundan əlavə, ixtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 3 (sabit) məcburi əmək faktı müəyyən edilərək cinayət işləri başlanılmış və aparılmış prosessual araşdırmalarla cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismar edildiyi məlum olmuşdur.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalar zamanı isə – 369 (+102) şəxsin əmək müqaviləsi olmadan işləməsi və işəgötürənlər tərəfindən üç halda işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə faktı müəyyən edilərək aidiyyəti vəzifəli şəxslər barəsində bütövlükdə 1.800.000 manata yaxın inzibati cərimə tətbiq edilmişdir.
Digər tərəfdən, əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti həyata keçirməsi üçün Dövlət Miqrasiya Xidməti 4.674 nəfərə iş icazəsi vermiş, 2.875 nəfərin müvafiq icazələrinin müddətini uzatmış, habelə əcnəbiləri qanunsuz əmək fəaliyyətinə cəlb etmiş 200 işəgötürəni inzibati qaydada cərimələmişdir.
İnsan alveri və məcburi əmək qurbanlarının, o cümlədən uşaqların, əcnəbilərin yaxud vətəndaşlığı olmayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş tədbirlər zamanı isə – Azərbaycan, Türkiyə və İran ərazilərindən istifadə etməklə Avropa və Amerika ölkələrinə getmək istəyən qanunsuz miqrasiya kanalı təşkil edən 39 nəfər saxlanılmışdır. Aparılmış araşdırmalarla həmin şəxslərin əməllərində insan alveri cinayətinin əlamətləri aşkar edilmədiyindən onlar haqqında ölkə ərazisindən inzibati qaydada çıxarılma tətbiq olunmuşdur.
Hesabat ilində uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 685 uşaq, eləcə də buna şərait yaradan 232 valideyn aşkarlanmışdır.
Nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 619 material göndərilmiş, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 48 valideyn inzibati məsuliyyətə cəlb edilməklə polis nəzarətinə götürülmüşdür. Aparılmış araşdırmalarla isə uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi faktı müəyyən edilməmişdir. Ümumən, yetkinlik yaşına çatmayanlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınması məqsədilə regionlarda açıq və qapalı tipli təlim-tərbiyə müəssisələrinin, eləcə də sosial sığınacaqların və reabilitasiya mərkəzlərinin yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.
Bundan başqa, ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 96 fakt aşkarlanaraq aidiyyəti şəxslər cinayət məsuliyyətinə cəlb edilmiş, daha 966 nəfər haqqında inzibati tənbeh tədbirləri görülmüşdür.
Cinayət təqibi və qurbanlarla iş
İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 204 (+2), o cümlədən 157 (+1) insan alveri, 3 (sabit) məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 44 (+1) cinayət qeydə alınmışdır.
Həmin hüquqazidd əməllərlə əlaqədar başlanılmış cinayət işləri üzrə təqsirləndirilən qismində cəlb olunmuş 15 (+2) şəxs (13-ü qadın, 2-i kişi) məhkəmə məsuliyyətinə verilmişdir.
Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 (-1) nəfərdən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə və bir nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, daha bir şəxsin cəzası – himayəsində olan uşağı 14 yaşa çatanadək təxirə salınmışdır.
Axtarışda olan 23 (-3) təqsirləndirilən şəxsdən 9-u tutulmuş, 14 nəfərin axtarışı davam etdirilir.
Hesabat ilində müəyyən edilmiş 94 (-1) insan alveri qurbanından (93 qadın, 1 kişi) 93-ü Azərbaycan Respublikasının vətəndaşı, biri əcnəbi olmuşdur (Nigeriya Federativ Respublikasının vətəndaşı öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilmişdir).
Onlardan 82-i cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 1-i İran İslam Respublikasına aparılmış, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalmışdır. Qurbanlardan 6-ı uşaq (hamısı qadın, cinsi istismar), 16-ı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olmuşdur.
Zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlərin görülməsi də diqqətdə saxlanılmış və hər birinə 700 manat birdəfəlik müavinət ödənilmişdir. Qurbanlardan 73 nəfəri və ehtimal olunan bir qurban Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək hamısı tibbi (HİV, AİDS, CYÖX, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi yardımlarla və zəruri geyimlə təmin olunmuşdur.
Eyni zamanda, insan alverinin 25 qurbanı pеşə kurslаrınа yönəldilmiş, 9-nun işlə təmin еdilməsində, 2 əcnəbi qurbana müvəqqəti qeydiyyata alınmada və müvəqqəti yaşama icazəsinin verilməsində, 5 qurbana nikahın pozulması haqqında şəhadətnamə almaqda, 5 yetkinlik yaşına çatmayanın şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində və təhsil alması üçün inteqrasiya təlimli internat tipli gimnaziyaya qəbul olunmasında, 3 qurbanın cərrahiyyə əməliyyatına olan ehtiyacının ödənilməsində, 6 qurbanın xəstəxanada stasionar müalicə və 3 qurbanın ünvanlı sosial yardım almasında, azyaşlı uşaqları olan bir qurbanın daimi yaşayış yeri ilə təmin edilməsi üçün ona torpaq sahəsinin ayrılmasında, 38 qurbanın аilələrinə qаyıtmasında köməklik еdilmişdir.
Qeyri-Hökumət Təşkilatlarına istiqamətləndirilmiş 81 insan alveri qurbanından isə 21 nəfərinə “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin, 17-nə “Təmas Regional İnkişaf” İctimai Birliyinin sığınacaqlarında, 21-nə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyində, 12-nə “XXI Əsrin Qadınları” İctimai Birliyində, 10-na “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyində lazımi sosial xidmətlər göstərilmişdir.
Öz növbəsində, qeyri-hökumət təşkilatları tərəfindən Yardım Mərkəzinə yönəldilmiş 32 potensial qurbandan 11-nə tibbi, 8-nə psixoloji, 4-nə hüquqi yardımlar edilmiş, 3 nəfərin işlə təmin olunması və 1 nəfərin peşə kursuna cəlb edilməsi üçün Dövlət Məşğulluq Agentliyi qarşısında vəsatət qaldırılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanlarına Yardım Mərkəzi tərəfindən isə 37 qurbana psixoloji, 8-nə hüquqi və 5-nə tibbi yardımlar göstərilmiş, daha 3 nəfər Dövlət Məşğulluq Agentliyinə istiqamətləndirilmişdir.

Qurbаnlаrın uşаqlаrı dа diqqətdə sахlаnılaraq 31 azyaşlı tədris ləvаzimаtlаrı ilə təmin еdilmiş, 16 uşаq məktəbəqədər təhsil proqramına cəlb olunmuş, 11 uşağa doğum haqqında şəhadətnamə alınmasında, 12 uşağın аtаlığının müəyyən еdilib аlimеntlə təmin оlunmаsındа, 2 uşağın xəstəxanada stasionar müalicə keçməsində köməklik göstərilmişdir.
Vəkillər Kоllеgiyаsının üzvü olan müdafiəçilər tərəfindən 39 insan alveri qurbanının məhkəmə baxışında və 60 qurbanın istintaq prosesində hüquqları qorunmuş, habelə “Müasir Psixologiya Mərkəzi”nin mütəxəssisləri insan alveri qurbanlarının hər birinə ixtisaslı yardımlar etmişdir.
Digər tərəfdən, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.1-ci maddəsinə əsasən 8 insan alveri qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilmişdir. Qurbanların xərclərinin ödənilməsinə və sosial reabilitasiyasına Daxili İşlər Nazirliyinin müvafiq Kömək Fondundan da vəsait ayrılaraq 100 qurbana və ehtimal olunan qurbanlara maddi yаrdımlar göstərilmiş, bir əcnəbi qurbanın öz ölkəsinə qayıtması təmin edilmişdir.
Xüsusilə vurğulanmalıdır ki, qurbanlar ilə işin təkmilləşdirilməsi, onlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün “İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaq haqqında Nizamnamə”yə dəyişikliklər edilərək həmin müəssisəyə qəbul proseduru sadələşdirilmişdir. Konkret olaraq, psixoloji yardımların göstərilməsinə ştatdankənar mütəxəssis - psixoloq cəlb edilmiş, müvafiq xidmətlərin nəticələrinin qeydə alınması və istifadəsi məqsədilə konfidensial elektron məlumat bazasının yaradılmasına başlanılmışdır.
İnsan alveri qurbanlarına Kömək Fondunun məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış etməsinin və Fondun adından tələb və iddialar irəli sürməsinin vacibliyi də nəzərə alınaraq Vəkillər Kоllеgiyаsının üzvü olan vəkil ilə müqavilə bağlanmışdır.
Ötən il “152” qaynar xəttinə xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı daxil olmuş 9.823 (+5.317) müraciət araşdırılaraq təşəbbüskarlara zəruri izahlar verilmişdir.

Qarşıda duran vəzifələr
Bu gün Milli Fəaliyyət Planı əsasında 30-dan çox dövlət orqanı, 45 ictimai birliyi birləşdirən Qeyri-Hökumət Təşkilatları Koalisiyası, yerli icra hakimiyyətləri və ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən həyata keçirilən tədbirlər – insan alverinin profilaktikasının və cinayət təqibinin səmərəli təşkil edilməsinə, cəmiyyətin insan alverinin istənilən formalarından etibarlı müdafiəsinə imkan verir.
Görülən işlərin nəticəsi olaraq ölkəmizdə insan alveri və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin effektivliyi ABŞ Dövlət Departamentinin 2021-ci ildə yayımladığı illik hesabatda, habelə Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (QRETA) və digər beynəlxalq təşkilatların aidiyyəti sənədlərində xüsusi vurğulanmış və Azərbaycan 1-ci qrup ölkələr siyahısında yer almaq imkanı əldə etmişdir.
Bununla belə, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi üçün qarşıda daha məsul və əhəmiyyətli vəzifələr durur.
Beynəlxalq ekspertlərin rəyinə görə cinsi qurbanların əksəriyyətinin istismar olunduğu bar və klub kimi ictimai yerlərin pandemiya dövründə fəaliyyətinin dayandırılmasına cavab olaraq insan alveri əməllərinin törədilmə forma və metodları dəyişmişdir.
Müvafiq qanunazidd fəaliyyət əsasən internet üzərindən həyata keçirilmiş və ötən il ölkəmizdə saytlar üzərindən törədilən 4 insan alveri və 5 ictimai mənəviyyat əleyhinə olan cinayət aşkar edilmişdir. Hazırda bu istiqamətdə, eləcə də insan alveri və məcburi əmək cinayətlərinin qabaqlanması və vaxtında aşkarlanması üzrə yeni mexanizmlərin işlənib hazırlanması, əməkdaşların professionallığının artırılması, müasir texnologiyaların daha geniş tətbiqi ilə bağlı davamlı iş aparılır.
Paralel olaraq bu növ cinayətləri proaktiv müəyyən etmə səylərinin artırılması, əməkdaşların mütəmadi təlimlərə və mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinə cəlb olunması və qanunvericiliyin təkmilləşdirilməsi üzrə lazımi təşkilati və əməli tədbirlər görülür.
Həmçinin, uşaqların insan alverinə məruz qalma riskləri və digər zəruri istiqamətlər üzrə elmi və sosial tədqiqatların aparılması və bu fəaliyyətə dövlət dəstəyinin təmin olunması; insan alveri və məcburi əmək cinayətlərinin ibtidai araşdırılması çərçivəsində həmin əməllərdən əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın aşkar edilib leqallaşdırılmasının qarşısının alınması; regionlarda insan alveri qurbanlarına xidmət göstərən yeni sığınacaq və yardım mərkəzlərinin yaradılması və həmin mərkəzlərin fəaliyyətinin təmin edilməsi; insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılmasının effektli üsullarının işlənib hazırlanması; sözügedən cinayətlərlə mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması və s. qarşıda duran vacib vəzifələrdəndir.
Hazırda göstərilən istiqamətlər üzrə fəaliyyət milli qanunvericilik aktları və ölkəmizin beynəlxalq öhdəlikləri nəzərə alınmaqla davam etdirilir.

İnsan alveri cinayətlərinin dinamikası


İnsan alveri cinayətlərinin növləri

 

2005-2022-ci illərdə insan alveri cinayətlərinə görə məhkəmə məsuliyyətinə
cəlb edilmiş şəxslər

 

2005-2022-ci illərdə insan alveri cinayətlərinə görə məsuliyyətə
cəlb edilənlərin cinsi mənsubiyyəti

 


2005-2022-ci illərdə aşkarlanmış insan alveri qurbanları

 

2022-ci ildə müəyyən edilmiş insan alveri 2005-2022-ci illərdə müəyyən edilmiş
qurbanlarının yaş bölgüsü insan alveri qurbanlarının cinsə görə bölgüsü

 

Azərbaycan Respublikasında istismara məruz qalan şəxslərin yaş bölgüsü

 

İctimai mənəviyyat əleyhinə cinayətlər

 

Ağır Cinayətlər Məhkəməsi tərəfindən insan alverçilərinə tətbiq edilən cəzalar

2022-ci ildə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının
insan alverinə qarşı mübarizə ilə əlaqədar beynəlxalq və yerli tədbirlərdə iştirakı

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48