ATƏT-in İnsan Alverinə qarşı Mübarizə Üzrə Alyansının 23-cü iclası keçirilib

24.04.2023

ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə Üzrə Katibliyinin təşkilatçılığı ilə aprelin 18-i və 19-da Vyana şəhərində İnsan Alverinə qarşı Mübarizə Üzrə Alyansın 23-cü iclası keçirilib.
İclasda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev iştirak edib.

ATƏT-in İnsan Alverinə qarşı Mübarizə Üzrə Layihə Koordinatoru Valiyant Riçinin sədrliyi ilə keçirilən iclasda qurumun üzvü olan 57 dövlətin və müşahidəçi ölkələrin nümayəndələri ilə yanaşı bu təşkilatın Baş Katibi Helqa Mariya, fəaliyyətdə olan sədri Buyar Osmani, Birləşmiş Krallığın Parlament üzvü Tereza Mey, BMT Baş Katibinin Konflikt şəraitlərdə seksual zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi Pramilla Patten iştirak ediblər.

İclasın ilk günündə qeyd olunan şəxslər insan alverinə qarşı mübarizənin əhəmiyyəti və bununla bağlı görülməli olan işlər barədə çıxışlar ediblər. Həmin tarixdə üzv dövlətlərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlar edərək fəaliyyətləri barədə məlumatlar veriblər.

İclasın ikinci günündə XXI əsrdə insan alverinə qarşı mübarizədə liderlik, bu cinayət növünə qarşı mübarizə üzrə struktur qurumlar, mübarizə alətləri, qanun və siyasət mövzularında müzakirə aparılıb.

İclasda iştirak edən Samir Qarayev İnsan alverinə qarşı mübarizə üzrə struktur qurumlar üzrə aparılan müzakirələrdə çıxış edib, Azərbaycan Respublikasında İnsan Alveri Qurbanları Üçün Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları, Milli Koordinator institutu, İdarələrarası Komissiya və İnsan Alverinə qarşı Mübarizə Üzrə İşçi Qrupunun fəaliyyəti barədə məlumat verib, bu sahədə Azərbaycan Respublikasının təcrübəsi iştirakçıların marağına səbəb olub. Polis polkovniki Samir Qarayev çıxışının sonunda Ermənistanın nümayəndəsinin Qarabağda yaşayan ermənilərin guya hüquqlarının pozulması barədə dediklərinə münasibət bildirib, ölkəmizin beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə əsaslanaraq ərazi bütövlüyünü təmin etdiyini bildirərək sübutlar təqdim edib.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48