DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilmişdir.

11.03.2021

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) təşəbbüsü ilə 2021-ci il 11 mart tarixində DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsində ikitərəfli görüş keçirilmişdir.

Görüşdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Vladimir Qyorqiyev, layihə koordinatoru xanım Ersilia Apreda, layihə köməkçisi xanım Nərgiz Kərimova və DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun başçılıq etdiyi nümayəndə heyəti – Baş idarənin rəis müavini, polis polkovniki Samir Zeynalov, İnformasiya təminatı və analitik iş şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramil Kazımov, həmin şöbənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elşad Məmmədli və DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin inspektoru Samir Həsənli iştirak etmişlər. Görüşün məqsədi DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq perspektivlərinin müzakirəsi və BMqT-nin “İnsan alverinə qarşı mübarizə” layihəsinin koordinatoru xanım Ersilia Apredanın təqdim ediməsindən ibarət olmuşdur.

Görüş zamanı qonaqları maraqlandıran suallar cavablandırılmış, ölkədə insan alverinə qarşı aparılan mübarizə, profilaktiki və reabilitasiya tədbirləri haqqında geniş məlumat təqdim edilmişdir.

Nümayəndəliyin rəhbəri Vladimir Qyorqiyev təqdim edilən geniş məlumata görə dərin minnətdarlığını bildirmiş, Azərbaycanın “2-ci sıra nəzarət” ölkələr sırasına endirilməsinin səbəblərindən biri olan şərti məhkum etmənin real azadlıqdan məhrum etmə ilə əvəzlənərək əvvəlki illərlə müqayisədə 80 faizədək artırılmasını müsbət qiymətləndirmişdir.

Azərbaycanın növbəti hesabatlarda bir pillə yüksəldilməsi istiqamətində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi tərəfindən müvafiq dəstək göstəriləcəyini vurğulamışdır.

Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuş, qonaq heyət səmərəli məlumat mübadiləsinə görə bir daha dərin minnətdarlığını bildirmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48