20 sentyabr 2019-cu il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ-ın Dövlət Departamenti və ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

20.09.2019

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin müraciəti üzrə ABŞ-ın Dövlət Departamentinin İnsan alverinə qarşı Monitorinq və Mübarizə Ofisinin xarici əlaqələr müşaviri Atsuki Takahaşi və ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətini 20 sentyabr 2019-cu il tarixdə Baş İdarədə qəbul etmişdir.

Görüşdə insan alverinə qarşı mübarizə sahəsində 2018-ci və 2019-cu ilin ötən dövründə ölkədə görülmüş işlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu.

ABŞ Dövlət Departamentinin 20 iyun 2019-cu il tarixdə yayımladığı İnsan alverinə qarşı mübarizəyə dair illik hesabatında Azərbaycana münasibətdə qeyd olunan məqamlar geniş müzakirə edilərək suallar cavablandırılmış, ölkəmizə edilən tövsiyələrin yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görüldüyü və ümumiyyətlə beynəlxalq tövsiyələrin daim diqqətdə saxlanıldığı vurğulanmışdır.

Görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.

Sonda ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndə heyəti təşkil olunmuş görüşə, aparılmış müzakirələrə və təqdim olunmuş məlumatlara görə minnətdarlığını bildirdi.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48