Mayın 31-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “İnsan alveri ilə mübarizə sahəsində diplomatik nümayəndəliklərin rolu” mövzusunda seminar keçirilmişdir.

31.05.2019

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin (BMqT) "Azərbaycanda insan alveri ilə mübarizədə milli potensialların gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunmuş tədbirdə ABŞ, Niderland, Çexiya, Türkiyə, Litva, Ukrayna, Moldova və Gürcüstanın Bakıdakı səfirliklərinin, Daxili İşlər, Xarici İşlər, Ədliyyə  və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin və BMqT-nin məsul şəxsləri iştirak etmişdir.

Seminarın açılış mərasimində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov, Xarici İşlər Nazirliyinin Konsulluq şöbəsinin rəisi, səfir Faiq Bağırov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiyev çıxışlar etmişlər.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov Azərbaycan dövlətinin güclü siyasi iradəsi sayəsində insan alverinə qarşı mübarizədə dünya standartlarına uyğun institusional islahatların aparıldığını qeyd etməklə bu istiqamətdə zəruri təşkilati və praktiki tədbirlər barədə məlumatları diqqətə çatdırmışdır.

Seminarda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İlkin Qurbanov insan alverinə qarşı mübarizə üzrə Azərbaycan təcrübəsi barədə təqdimatla çıxış etmişdir.

Seminarda müzakirə olunan mövzular arasında insan alverinə dair məlumatların mübadiləsi üzrə müvafiq dövlət orqanları arasında koordinasiyada çətinliklər və ən yaxşı təcrübələr, insan alveri haqqında diplomatik nümayəndəliklərdə məlumatlılığın artırılması, səfirliklər tərəfindən təyinat ölkəsində insan alveri qurbanlarına yardım göstərilməsi məsələləri yer almışdır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiyev, eləcə də tədbirin digər iştirakçıları insan alverinə qarşı mübarizə sahəsində mühüm işlər görən Azərbaycan Hökumətinin səylərini, tərəfdaşlığını və əməkdaşlığını yüksək qiymətləndirmişlər.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48