Maddə 144-1. İnsan alveri
144-1.1. İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-1.2. Eyni əməllər:
144-1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə;
144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
144-1.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;
144-1.2.4-1. insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə;
144-1.2.5. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
144-1.2.6. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
144-1.2.7. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə;
144-1.2.8. zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;
144-1.2.9. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə -
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-1.3. Bu məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.
2. İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.
3. Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu Məcəllənin 144-1.1-ci maddəsində göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir.
Maddə 144-2. Məcburi əmək
144-2.1. hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-2.2. Eyni əməllər:
144-2.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə;
14-2.2.2. təkrar törədildikdə;
144-2.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
144-2.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;
144-2.2.5. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
144-2.2.6. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə -
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-2.3. Bu məcəllənin 144-2.1 və 144-2.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə etmə ilə cəzalandırılır.
Maddə 144-3. İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər
144-3.1. İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.2. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.3. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.4. İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 316-1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma
316-1.1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz toplama, yaxud qəsdən yayma beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[867]
316-1.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[868]
316-1.3. Eyni əməllər ağır nəticələrə səbəb olduqda bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə "konfidensial məlumat" dedikdə, yayılması insan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yaradan hər hansı məlumat başa düşülür.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48